EN

Si Cinpinin xüsusi nümayəndəsi: Şəhərlərin inkişafında əsas məqsəd dayanıqlı yaşayışı təmin etməkdir

Şəhərlərin inkişafında əsas məqsəd insanların təhlükəsiz, rahat və dayanıqlı yaşayışını təmin etməkdir.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının baş nazirinin müavini Çjan Quoqini WUF13-ün açılış mərasimində çıxışında deyib.

Nümayəndə bildirib ki, Çin hazırda insan mərkəzli yeni urbanizasiya siyasəti həyata keçirir. Onun sözlərinə görə, ölkənin şəhər əhalisi 2012-ci ildəki 720 milyondan 2025-ci ildə 950 milyona çatıb: “Çin dünyada ən böyük şəhər mənzil təminatı sistemini yaradıb”.

Qeyd olunub ki, şəhər əhalisinin adambaşına düşən yaşayış sahəsi artıq 40 kvadratmetrdən çoxdur. Çin nümayəndəsi urbanizasiya prosesində yaşıl keçid, şəhər təhlükəsizliyi, müasir idarəetmə və mədəni irsin qorunmasına xüsusi önəm verildiyini vurğulayıb.

O, çıxışında dörd əsas təklif səsləndirib. Bunlar təhlükəsiz və əlçatan mənzil təminatı, dayanıqlı və təhlükəsiz şəhərlər, innovasiya əsaslı inkişaf və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir: “Biz daha təhlükəsiz, rahat, yaşıl və ağıllı evlər tikməliyik”.

O da qeyd edilib ki, süni intellekt və böyük məlumat texnologiyalarının şəhər idarəçiliyinə inteqrasiyası gələcəyin əsas istiqamətlərindən biridir.

Chosen
52
43
apa.az

10Sources