EN

​QURBANLIQ HEYVAN BAZARINDA “GİZLİ FAKTORLAR”.... Qiyməti kim idarə edir?

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qurban bayramına yaxınlaşdıqca bazarlarda qurbanlıq heyvanların qiymətləri yenidən gündəmə gəlir və bu məsələ vətəndaşların əsas müzakirə mövzularından birinə çevrilir. Heyvanların qiymətinə yem xərcləri, daşınma və ümumi bazar tələbi birbaşa təsir göstərir. İri və xırdabuynuzlu heyvanlar arasındakı qiymət fərqi isə alıcıların seçim imkanlarını müəyyənləşdirir.

Bəs bu il qurbanlıq heyvanların qiymətində artım, yoxsa sabitlik gözlənilir? Qiymətlərin formalaşmasında daha çox hansı faktorlar həlledici rol oynayır?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynova “AzPolitika”ya açıqlamasında bildirib ki, hər ili əvvəlki illə müqayisə etdikdə müəyyən qədər qiymət fərqi müşahidə olunur.

Onun sözlərinə görə, bu fərqin əsas səbəblərindən biri yem qiymətlərinin artması, eləcə də örüş sahələrinin bir qisminin ayrı-ayrı şəxslərin nəzarətinə keçməsi və ya “işğal” olunmasıdır: “Bundan əlavə, işsizlik səbəbindən rayon və kənd əhalisinin Bakıya köçməsi də heyvandarlıq sahəsinin inkişafına mənfi təsir göstərir. Qurban bayramında qiymətlərin kəskin yüksəlməməsinin səbəblərindən biri də vətəndaşların həm maddi imkanları, həm də dini yanaşmaları ilə bağlıdır. Eyni zamanda, son illərdə şərikli qurban kəsimi praktikası daha geniş yayılıb. Əvvəllər bir çox ailənin fərdi şəkildə qurban kəsməsinə üstünlük verdiyini deyən ekspert, hazırda insanların bir hissəsinin ya ümumiyyətlə bu xərci etmədiyini, ya da şərikli şəkildə böyük buynuzlu heyvan kəsiminə üstünlük verdiyini bildirib”.

Günay Hüseynova əlavə edib ki, digər səbəb kimi isə bayram günlərinin uzun olması göstərilir. Bu müddətdə bir qisim vətəndaşlar istirahətə üstünlük verir, bəziləri xaricə səyahət edir, imkanı olmayanlar isə kəndə gedərək bir heyvanı birgə şəkildə kəsib ailəvi qeyd edirlər: “İstehlakçılar artıq qiymət dəyişikliklərini daha erkən mərhələdə nəzərə alır və buna uyğun davranırlar. Xüsusilə həyət evlərində yaşayanlar bayramdan 1–2 ay əvvəl heyvan saxlayaraq həm damızlıq məqsədilə istifadə edir, həm də qiymət artımına qarşı özlərini qorumağa çalışırlar.

Ümumilikdə vəziyyəti dəyərləndirən ekspert hesab edir ki, mövcud tendensiyalar davam edərsə, növbəti 5-10 il ərzində bu bayramın əvvəlki illərlə müqayisədə müəyyən qədər zəifləməsi ehtimalı var. Onun fikrincə, insanların şəxsi təsərrüfatlara yönəlməsi və şəhər ətrafı ərazilərdə torpaq qiymətlərinin artması da bu prosesin göstəricilərindən biridir”.

Oğuz Ayvaz 

 “AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
azpolitika.info

1Sources