EN

Bakı şəhər idarəçiliyi sahəsində bir çox ölkə üçün nümunədir - Nigeriyalı nümayəndə

Bakı şəhər idarəçiliyi sahəsində bir çox ölkə üçün nümunədir.

Day.Az xəbər verir ki, bunu Nigeriyanın Federal Paytaxt Ərazisi Abuca şəhərinin baş şəhərsalma mütəxəssisi Ahmadu Belo WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.

O hesab edir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhər idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır.

O, bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən şəhər idarəçilərini bir araya gətirir.

Ahmadu Belonun sözlərinə görə, Bakı özünəməxsus şəhər idarəçiliyi modeli ilə bir çox ölkələr üçün nümunədir.
"Bakı zəngin mədəniyyəti, müasirliklə tarixi irsin harmoniyasını qoruması ilə diqqət çəkir. Bir çox insanlar şəhər idarəçiliyi sahəsində Bakının təcrübəsini öyrənmək istəyir", - deyə o vurğulayıb.

A. Belo qeyd edib ki, forum çərçivəsində müxtəlif ölkələrin və təşkilatların nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

"Xüsusilə Afrikada təbiətin qorunması, şəhərlərin inkişafı və karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən proqramlarla bağlı təcrübə mübadiləsi aparırıq", - deyə Ahmadu Belo əlavə edib.

Nigeriya rəsmisi bildirib ki, WUF13 çərçivəsində əldə olunan təcrübələrin gələcəkdə ölkəsində tətbiqi nəzərdə tutulur.
"Burada müzakirə olunan məsələlər BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə üst-üstə düşür. Hər bir ölkə bu hədəflərə nail olmaq istəyir", - deyə o qeyd edib.

Chosen
12
day.az

1Sources