EN

Dani Karvaxal “Real”dan gedir – Rəsmən açıqlandı – ARENA.AZ

İspaniyanın “Real” klubu Madrid təmsilçisinin kapitanı Daniel Karvaxal ilə cari mövsümün sonunda yolların ayrılacağını açıqlayıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Tərəflər yayda başa çatacaq müqavilənin müddətini uzatmayacaqlar. Təcrübəli futbolçunun Madrid klubundakı karyerası bununla da yekunlaşacaq.

34 yaşlı futbolçu üçün “Santyaqo Bernabeu” stadionunda İspaniya La Liqasının son turunda keçiriləcək ev oyununda vida mərasimi təşkil olunacaq.

Xatırladaq ki, Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Təcrübəli futbolçunun bu klubla cari müqaviləsinin müddəti 2026-ci ilin iyun ayının sonuna qədərdir.

Cari mövsümdə Karvaxal “Real” üçün 22 oyun keçirib. Daninin “Real” karyerası ümumilikdə 450 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 52 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
22
6
arena.az

8Sources