Prezident İlham Əliyevin dayanıqlı inkişaf və dayanıqlı şəhərlərlə bağlı baxışlarını dinləmək həqiqətən ilhamverici oldu.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif bildirib.
“Müasir urban infrastrukturunu, inkişaf baxışını və qlobal bağlantıları əks etdirən, eyni zamanda qədim şəhəri ilə ortaq sivilizasiya əlaqələrini nümayiş etdirən Bakı şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun Liderlər Sammitinə qatılmaq mənim üçün böyük şərəfdir.
Bakının tarixi İçərişəhəri Pakistan və Azərbaycan arasında qədim ticarət yollarını və əsrlər boyu davam edən xalqlararası əlaqələri əks etdirir. Mən sizin yanınıza atam, Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin salamlarını və Pakistan xalqının sevgisini gətirmişəm. İlk növbədə, səmimi qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə və Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm. Prezident İlham Əliyevin dayanıqlı inkişaf və dayanıqlı şəhərlərlə bağlı baxışlarını dinləmək həqiqətən ilhamverici oldu. Onun Bakını və bütövlükdə Azərbaycanı müasir, dinamik və qlobal əlaqələrə malik bir məkana çevirmək istiqamətində nümayiş etdirdiyi liderlik yüksək qiymətə layiqdir”, - deyə Məryəm Nəvaz Şərif qeyd edib.
Pəncab əyalətinin Baş naziri qeyd edib ki, Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif və Azərbaycanın qurucu lideri Heydər Əliyev arasında qarşılıqlı etimad, hörmət və dərin dostluğa əsaslanan münasibətlər mövcud olub: “Onlar ruhən əsl qardaş idilər və bu dostluq əlaqələri bu gün də Pakistan-Azərbaycan münasibətlərinin gücünü müəyyən edir. Bu səbəbdən bu gün Bakıda dayanarkən mən özümü yad ölkədə hiss etmirəm. Mən öz evimə gəlmiş kimi hiss edirəm. Mənim üçün xüsusi qürurverici haldır ki, Mərkəzi Asiya regionuna ilk səfərim məhz dayanıqlılığı, transformasiyanı və inkişafı təcəssüm etdirən Bakı şəhərinədir”.