EN

İnsanların daha təhlükəsiz yaşayış mühitinə keçməsi üçün yeni imkanlar yaradırıq - Say Samal

Kambocanın şəhərlərində əsas infrastruktur və xidmət standartlarını formalaşdırırıq. Şəhərləri daha dayanıqlı və davamlı etməyə çalışırıq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kambocanın Baş nazirinin müavini Say Samal Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Baş nazirin müavini vurğulayıb ki, bu istiqamətdə yerli idarəetmə orqanlarına daha çox səlahiyyət və məsuliyyət verilir, düzgün büdcələşdirmə və şəhər planlaşdırılması həyata keçirilir, tərəfdaşlıqlar gücləndirilir və rəqəmsal infrastruktura investisiyalar artırılır:

"Bundan əlavə, tullantıların idarə olunması, sanitariya, nəqliyyat axınının tənzimlənməsi, ictimai nəqliyyat, ictimai təhlükəsizlik, universal təhsil və səhiyyə, mədəniyyət və incəsənət fəaliyyəti istiqamətlərində də islahatlar həyata keçirilir. Əlçatan və inklüziv ipoteka mexanizmlərinin inkişafına da xüsusi diqqət ayrılır. Hökumət eyni zamanda cəmiyyətin ən həssas təbəqələri üçün güzəştli siyasətlər həyata keçirir, kənd təsərrüfatı torpaqları və əlçatan mənzil proqramları təqdim edir".

Say Samal bildirib ki, son 10 ildə Kambocada təxminən yarım milyon ailənin həyat şəraitinin yaxşılaşdırılmasına nail olunub:

"İnsanların qeyri-rəsmi yaşayış məntəqələrindən çıxaraq daha təhlükəsiz və normal yaşayış mühitinə keçməsi üçün yeni imkanlar yaradırıq. Kamboca yaxın gələcəkdə qeyri-rəsmi yaşayış məntəqələrinin tam aradan qaldırılmasını hədəfləyir. Biz yalnız mənzil təmin etməyi deyil, həm də ailə mühiti və ev anlayışını formalaşdırmağı prioritet hesab edirik. Bu çərçivədə narkotik asılılığı, diabet, ürək xəstəlikləri və digər sosial problemlərlə mübarizə aparılır, ailə qənaəti təşviq olunur, ailələrin borc yükünün azaldılması istiqamətində tədbirlər görülür".

O əlavə edib ki, eyni zamanda, sağlam və ekoloji təmiz qidalanma, insanların aktiv həyat tərzi sürməsi üçün ictimai parkların artırılması kimi təşəbbüslər həyata keçirilir:

"Biz ailə dəyərlərinin və mədəniyyətinin qorunmasına da böyük önəm veririk. Yalnız STEM təhsilinə deyil, uşaqların incəsənətə maraq göstərməsinə, musiqi ilə məşğul olmasına və kitab oxumasına da diqqət yetirilməlidir".

Kamboca rəsmisi qeyd edib ki, dəyişən qlobal nizam, biomüxtəlifliyin azalması və iqlim dəyişikliyi ölkəsinin son illərdə əldə etdiyi inkişaf üçün ciddi təhlükələr yaradır:

"Sülh içində olan dünya bizim milli strateji marağımızdır. İstixana qazı emissiyalarının ən aşağı olduğu ölkələrdən biri olmasına baxmayaraq, Kamboca iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması istiqamətində öz töhfəsini verir. Kamboca 2050-ci ilədək karbon neytrallığına nail olmaq üzrə uzunmüddətli strategiya təqdim edən ikinci ən az inkişaf etmiş ölkə və ASEAN məkanında ilk ölkə olub. Biz həmçinin yenilənmiş milli iqlim öhdəliklərini təqdim etmişik, iqlim fəaliyyətlərinə daha çox maliyyə ayırırıq, bərpa olunan enerji layihələrini genişləndiririk və enerji səmərəliliyi siyasətini həyata keçiririk. Bundan əlavə, yeni ekoloji investisiya qanunu qəbul etmiş və maliyyə sektorunun "yaşıllaşdırılması" istiqamətində addımlar atmışıq".

Chosen
15
day.az

1Sources