EN

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

Bakı, 18 may, AZƏRTAC

Qarabağa səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu iqtisadi rayonda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşlərin əsas məqsədi işğaldan azad edilən ərazilərdə aqrar investisiya layihələrinin icra vəziyyətini yerində qiymətləndirmək, fermer və sahibkarlarla kənd təsərrüfatının inkişaf perspektivlərini müzakirə etmək və aqrar fəaliyyətlə bağlı dəstək göstərmək olub.

İki günlük səfər zamanı nazir Xankəndi, Xocalı, Ağdam, Xocavənd və Füzuli rayonlarında fermer və sahibkarlara məxsus meyvə bağları, lavanda plantasiyaları, heyvandarlıq və əkinçilik təsərrüfatlarına, eləcə də şərab zavoduna baş çəkib, görülən işlərlə tanış olub. Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsinin qalibləri olan sahibkarlıq subyektlərinin bağçılıq və heyvandarlıq təsərrüfatlarına da baxış keçirilib.

Görüşlərdə işğaldan azad olunan ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərin istifadəsinə verilməsi, o cümlədən sahibkarlıq subyektlərinə icarəyə verilməsi məqsədilə investisiya müsabiqələrinin keçirilməsi, fermer və sahibkarlar tərəfindən layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr, infrastruktur təminatı, suvarmanın təşkili, elektrik enerjisinin çəkilməsi, yol infrastrukturunun qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Fermerlər kənd təsərrüfatının inkişafı barədə fikirlərini bölüşüb, bu sahənin inkişafı ilə bağlı təkliflər irəli sürüblər. Səfər zamanı fermerlərin və sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məcnun Məmmədov fermerin və sahibkarların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib, kənd təsərrüfatının inkişafı istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

 

Chosen
3
4
azertag.az

5Sources