EN

Honduraslı direktor: Azərbaycan Qlobal Cənub xalqlarının həmrəyliyinin önəmli olduğunu bir daha nümayiş etdirdi

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanda ikinci dəfə olmaqdan çox məmnunam. Bu, mənim Ümumdünya Şəhərsalma Forumunda ilk iştirakımdır. Azərbaycan xalqının bizi bu gözəl tədbirdə qəbul etməsi mənim üçün çox xoşdur.

Bu barədə AZƏRTAC-a müsahibəsində WUF13-də iştirak etmək üçün Bakıya gələn Hondurasın Lenca Qadınlarının Dayanıqlı İnkişafı İnstitutunun (IDESMULH) direktoru Sandra Rosaura Cerrato Flores deyib.

“Azərbaycana ilk dəfə keçən il gəlmişdim. O zaman biz Qlobal Cənub təşkilatlarının platformalarının yaradılması üzərində işləyirdik. Biz 116 ölkəni təmsil edirik. Azərbaycanda gördüyüm “ağıllı şəhər”lər, həyata keçirilən innovasiyalar və inşa olunan binalar mənə çox gözəl təsir bağışlayıb. Ermənistanın yaxınlığında yerləşən “ağıllı şəhərlər”ə ekskursiya etmək imkanımız oldu. Azərbaycanın şəhərsalma və urbanizasiya sahəsində gördüyü işlər mənə çox innovativ görünür. Biz hələ bu səviyyəyə çatmamışıq, lakin fikrimcə Qlobal Cənub kimi platformalarda iştirak etməyin özü, xüsusilə də kiçik bir ölkə üçün, çox böyük irəliləyişdir", - deyə institutun direktoru qeyd edib .

O bildirib ki, Hondurasda təxminən 5 min qadını təmsil edirlər. Bu qadınların sırasında qız uşaqları, yeniyetmələr və böyüklər də var. Təşkilat çərçivəsində hüquqi yardım və məsləhət xidməti göstərilir, çünki o həm hüquqşünas, həm də səhiyyə sahəsinin mütəxəssisidir.

Flores WUF13 çərçivəsində müxtəlif təşkilatlarla görüşlərin və təcrübə mübadiləsinin çox dəyərli olduğunu qeyd edib.

Qeyd edib ki, dünyanı daha yaxşı etmək üçün insanların birgə səyləri sevindiricidir. Onların ölkəsində də, “ağıllı şəhər”lər səviyyəsində olmasa belə, imkanlar daxilində inkişaf etməyə çalışırlar.

IDESMULH direktoru dövlət dəstəyinin məhdud olduğunu qeyd etsə də, Azərbaycanın Qlobal Cənub xalqlarının birliyinə və həmrəyliyinə verdiyi önəmi xüsusi vurğulayıb.

Müxbir - Samirə Quliyeva
Fotoqraf - Əyyub Ələsgərov
Chosen
39
azertag.az

1Sources