EN

Slovakiya qaz təchizatını Azərbaycanla uzunmüddətli müqavilə ilə genişləndirməyi planlaşdırır

Bratislava enerji diversifikasiyası çərçivəsində Bakı ilə ən az 10 illik qaz sazişini müzakirə edir...

Avropa İttifaqında “Qazprom”un son iri müştərilərindən biri hesab olunan Slovakiya Azərbaycanla təbii qazın uzunmüddətli tədarükünə dair razılaşma imzalamağa hazırlaşır.

Poliqon xəbər verir ki, bu barədə “Marker” nəşri məlumat yayıb.

Slovakiyanın baş nazir müavini və ətraf mühit naziri Tomáš Taraba bildirib ki, ölkə Azərbaycanla minimum 10 illik müddəti əhatə edən uzunmüddətli qaz müqaviləsi üzrə danışıqlar aparır.

Onun sözlərinə görə, Slovakiya enerji təchizatını diversifikasiya etmək və tək mənbədən asılılığı azaltmaq niyyətindədir. Taraba Azərbaycanı bu baxımdan etibarlı tərəfdaş kimi qiymətləndirdiklərini vurğulayıb.

Nazir qeyd edib ki, əsas çətinlik qazın Qafqaz regionundan Mərkəzi Avropaya nəqli ilə bağlı infrastruktur məsələləridir. Hazırda tərəflər mövcud boru kəmərlərinin istifadəsi və tədarük həcmləri üzrə texniki imkanları müzakirə edirlər.

Taraba həmçinin Azərbaycan tərəfinə əvvəlki dövrlərdə enerji təchizatında göstərdiyi dəstəyə görə təşəkkür edib. O bildirib ki, Ukrayna üzərindən keçən tədarük zəncirində yaranan fasilələr zamanı Bakı Slovakiyanın qaz təminatında fəal rol oynayıb.

Siyasi və enerji ekspertlərinin fikrincə, belə bir müqavilə Avropanın enerji xəritəsində ciddi dəyişikliklərə səbəb ola bilər və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini daha da artırar.

Poliqon.info

Chosen
34
poliqon.info

1Sources