Stokholm, 19 may, AZƏRTAC
Mayın 21-də İsveç ilk dəfə NATO xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək. Hökumət sammitin təşkili üçün təxminən 85 milyon İsveç kronu (təxminən 9 milyon dollar) ayırıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1 mindən çox iştirakçı, o cümlədən Alyansa üzv 32 ölkənin xarici işlər naziri iştirak edəcək. Gözlənilən qonaqlar arasında ABŞ-nin Dövlət katibi Marko Rubio da var. Onun səfərinə ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəlik sərt ritorikası fonunda xüsusi diqqət yetirilir.
İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, görüşün keçirilməsi “təhlükəsizliyə investisiya” olmaqla yanaşı, ölkənin Alyansa qoşulduqdan sonra NATO fəaliyyətinə verdiyi töhfəni nümayiş etdirmək üçün də mühüm imkandır.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən Helsinqborq şəhərinin böyük hissəsi bağlanacaq. Şəhərin seçilməsi onun Eresunn boğazı yaxınlığında yerləşən strateji mövqeyi ilə əlaqələndirilir. İsveç hakimiyyətinin məlumatına görə, burada Rusiyanın “kölgə donanması”na aid gəmilər mütəmadi müşahidə olunur.
Görüş ərəfəsində İsveçin xarici işlər naziri Mariya Malmer Stenergqrd və NATO-nun Baş katibi Mark Rütte İsveç kral ailəsinin iştirakı ilə Sofiero qəsrində rəsmi şam yeməyi təşkil edəcəklər.
Danışıqların əsas mövzusu Ankarada keçiriləcək yay NATO sammitinə hazırlıq olacaq. Alyans ölkələri müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması və blok daxilində son siyasi fikir ayrılıqları fonunda NATO birliyinin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.