EN

Keçmiş əzəməti ilə bütövləşən Laçın: 30 illik həsrətdən sonra vüsət alan yeni həyat

Azad olunmuş ərazilərə səfərimizin növbəti dayanacağı Laçın rayonunun Zabux kəndidir. Kənd Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq olub. İşğaldan azad edildikdən sonra QarabağŞərqi Zəngəzurun hər bir bölgəsi kimi burada da bərpa-quruculuq və abadlıq işləri aparılıb və kəndə ilk köç 2023-cü ilin avqustunda baş tutub.

"Report"un Qarabağ bürosunun əməkdaşı Zabuxdakı həyat şəraiti ilə tanış olaraq 30 illik həsrətdən sonra doğma yurd-yuvalarına dönən sakinlərin təəssüratlarını öyrənib.

Zabux kəndindəki "Körpələr evi - uşaq bağçası" 2024-cü ilin iyulun 12-dən fəaliyyətdədir. Körpələr evinin müdiri Humay Nadirzadə müəssisənin fəaliyyəti üçün şəraitin yüksək səviyyədə olduğunu qeyd edib:

"57 uşaq üçün nəzərdə tutulan müəssisədə hazırda iki qrup üzrə 52 uşaq tərbiyə olunur. Bu körpələr evi - uşaq bağçası işğaldan azad edildikdən sonra Laçın rayonunda fəaliyyətə başlayan ilk məktəbəqədər təlim-tərbiyə müəssisəsidir. Çox qürurluyuq ki, burada uşaqların böyüməsində və şəxsiyyət kimi formalaşmasında bizim də əməyimiz var".

Əlbəttə, H.Nadirzadənin timsalında bu gün Qarabağa qayıdan, oranın dirçəlməsində pay sahibi olan hər bir vətəndaş eyni qürur hisslərini keçirir.

Zabux kənd tam orta məktəbinin direktoru Mübariz Rüstəmov isə həmin təhsil müəssisəsinin tarixindən bəhs edib. Onun sözlərinə görə, məktəb 1937-ci ildən bu yana fasiləsiz fəaliyyət göstərməkdədir:

"Rayon 1992-ci ildə işğal edildikdən sonra məktəb 2023-cü ilə qədər fəaliyyətini Pirşağı qəsəbəsində davam etdirib. 2023-cü il dekabrın 13-də doğma kəndimizdə məktəbimizin yeni binasının açılışı oldu, müəssisə 15 müəllim və 56 şagirdlə yenidən fəaliyyətə başladı. Hazırda şagirdlərin sayı artaraq 103-ə çatıb. Məktəbimiz tədris üçün müasir avadanlıqlarla təchiz edilib. Bütün fənn kabinələri modern tədris tələblərinə uyğun səviyyədədir".

Mübariz Rüstəmov

Məktəbdə təhsillərini davam etdirən şagirdlər üçün isə şübhəsiz, Laçının bənzərsiz təbiəti gümrah və açıq zehinli böyümələri üçün əlavə fürsətdir.

7-ci sinif şagirdi Aylin Əhmədli məktəbdə tədrisin keyfiyyətindən məmnunluğunu bildirib.

"Valideynlərimiz bu yerlər barəsində əvvəllər nisgillə danışardılar. İndi mən özüm burada yaşayıram, görürəm ki, buranın təbiəti bizə danışılandan daha gözəldir. Şükür edirəm ki, nə yaxşı, mənim və yaşıdlarımın timsalında bütün xalqımız bu cənnət yerlərin azadlığının şahidi oldu".

2-ci sinif şagirdi Ədalət Məmmədov isə yaşının az olmasına baxmayaraq, öz təfəkkürü ilə fərqlənir:

"Babam Ədalət Məmmədovun adını daşıyan məktəbdə oxumaq mənim üçün böyük fəxrdir. Yaşıma görə babamın barəsində çox bilmirəm. Amma onu bilirəm ki, babam kəndimizi ermənilərdən müdafiə edərkən şəhid olub. Gələcəkdə babamın adına layiq böyümək, onun kimi polis olub dövlətimizə xidmət etmək istəyirəm".

Laçındakı yenidənqurma, bərpa-quruculuq işləri barəsində isə rayonun Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yeganə Quliyevadan soruşuruq.

Onun sözlərinə görə, rayon ərazisinə ilk köç məhz Zabux kəndinə baş tutub:

"Kəndə ilk qayıdış 2023-cü il avqustun 26-da gerçəkləşib. Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Zabux kəndi də müasir infrastrukturla yenidən qurulub. "Böyük Qayıdış I Dövlət Proqramı" çərçivəsində Zabux kəndində ilkin mərhələdə 223 fərdi evdən ibarət müasir tələblərə cavab verən yeni yaşayış məntəqəsi inşa olunub. Eyni zamanda, kənd bütün sosial-texniki infrastrukturla təmin edilib. Belə ki, kənddə 170 yerlik tam orta məktəb, 57 yerlik körpələr evi-uşaq bağçası, bir tibb məntəqəsi, bir inzibati bina, eləcə də iki park və abadlıq zonaları qurulub.

Kənddaxili yol infrastrukturu dağlıq ərazinin yağmurlu olması nəzərə alınaraq uyğunlaşdırılıb və yüksək səviyyədə təmir edilib. Həmçinin kənddə su, qaz, elektrik enerjisi təminatı ilə yanaşı, əhalinin sürətli internetə çıxışını təmin etmək məqsədilə fiberoptik kabel çəkilib. Eləcə də əhalinin içməli suya olan tələbatını fasiləsiz təmin etmək üçün su anbarı tikilərək istifadəyə verilib".

O əlavə edib ki, çirkab suların təmizlənməsi məqsədi ilə ərazidə müasir qurğular da quraşdırılıb:

"Kənddə inşa edilən bütün fərdi evlərin, həmçinin inzibati binaların üzərində günəş panelləri quraşdırılıb. Bu da yaşıl enerji istifadəsi istiqamətində atılmış effektiv addımlardan biridir".

Y.Quliyeva işğal dövründə Zabux kəndindəki bağ və digər yaşıllıqların tamamilə məhv edildiyini, lakin qayıdışdan sonra əhalinin həyətyanı sahələrdə, parklarda və yol kənarlarında 2 minə yaxın meyvə və digər dekorativ ağaclar əkdiyini diqqətə çatdırıb.

Həmsöhbətimiz Böyük Qayıdış prosesi çərçivəsində Laçın şəhəri, rayonun Zabux, Sus və Bəylik yaşayış məntəqələrinə ümumilikdə 3665 nəfərdən ibarət 979 ailənin daimi qayıdışının təmin edildiyini bildirib:

"Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 823 nəfərdən ibarət 217 ailə qayıdıb. Onların rahat və tam təhlükəsiz yaşamaları üçün bütün şərait yaradılıb. Bir məqama da toxunmaq istərdim ki, Birinci Qarabağ müharibəsində Zabuxun iki sakini – Ədalət Həsən oğlu MəmmədovCəbrayıl Məhyəddin oğlu Vəliyev qəhrəmancasına şəhid olub".

Y.Quliyeva əlavə edib ki, Zabux kəndində 300-ə yaxın sakinin məşğulluğu təmin olunub:

"Onların bir qisminə özünəməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulmasında dəstək verilib. Bundan əlavə, müvafiq qurumla 150 nəfərə yaxın sakin arasında əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaqların güzəştli şərtlərlə icarəyə verilməsinə dair müqavilələr imzalanıb. Bu, əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılmış növbəti addımdır".

Onun sözlərinə görə, Laçın rayonu üzrə genişmiqyaslı yenidənqurma və bərpa işləri mərhələli şəkildə həyata keçirilir:

"Növbəti tikinti prosesi üzrə işlər artıq başlanılıb. Belə ki, Laçın şəhərinə bitişik olan Qarı Kaha yaşayış məntəqəsində 19 çoxmənzilli azmərtəbəli binaların tikintisi planlaşdırılıb. Bundan əlavə, Laçın şəhərində təxminən 236 fərdi yaşayış evinin inşası üçün işlər həyata keçirilir".

Otuz illik həsrətdən sonra ata yurdlarına dönən kənd sakini Fənar Qəmbərova Zabuxu orta məktəbdə oxuyarkən - 15 yaşında tərk etdiyini vurğulayıb:

Fənar Qəmbərova

"Məcburi köçkünlük illərində Sumqayıtda yaşadıq. Kəndimizi hər zaman xatırlayırdım, Həmişə arzu edirdim ki, bir dəfə də olsa, buraları yenidən görüm. Şükür, artıq öz yurdumuza qayıtmışıq, müasir evlərdə firavan və şadlıqla yaşayırıq. Öz işimizdən başqa təsərrüfatla da məşğul oluruq".

Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsində olduğu kimi Laçına da daimi qayıdan sakinlər arasında özünəməşğulluq proqramından yararlanan xeyli insan var. Onlardan biri də sahibkarlıqla məşğul olan Yeganə Rüstəmovadır. Fürsət ikən Yeganə xanımla həmsöhbət olub onun sahibkarlıq fəaliyyətindən də danışırıq.

Y.Rüstəmova hazırda sahibi olduğu şirniyyat sexində 5 nəfərin müqavilə əsasında daimi işlə təmin edildiyini deyib:

"Müəssisə artıq bir ildir, yaradılıb. Əsas məqsədimiz yerli əhalinin və qonaqların təmiz şirniyyat məmulatları ilə təmin olunmasıdır. İstehsal etdiyimiz bir çox adda məhsul – çörək, yuxa, tort, suxarı və s. artıq xüsusi əmtəə nişanı ilə alıcılara təklif edilir. Məhsullarımıza tələbatın olması bizi sevindirir. İstehsal etdiyimiz məhsullar hələ ki Laçın şəhərində satılır. Laçının kəndlərində və ətraf rayonlarda da məhsullarımızın satışını təşkil etməyi planlaşdırırıq".

Yeganə Rüstəmova

Laçın rayonunda əhalinin məşğulluğu baxımından diqqəti cəlb edən məkanlardan biri də "Gilabi Seramik" əl işləri sexidir. Burada regiona gələn yerli və xarici turistlərin marağına səbəb olan, bu yerlərin mənzərəsi ilə yanaşı, tarixi də özündə əks etdirən suvenirlər hazırlanır.

Sexin rəhbəri Könül Bayandurova müəssisədə yerli brend olan bir sıra məhsullar hazırlandığını qeyd edib:

"Burada istehsal edilən çeşidlər ilk olaraq keramika ustası tərəfindən hazırlanır, daha sonra bədii keramika ustası olan rəssamlarımız tərəfindən üzərinə eskizlər çəkilir, ardınca isə rənglənir və xüsusi sobada 1050 dərəcə istidə bişirilir. Məhsullarımızın istehsalında, əsasən, ağ və qırmızı gillərdən istifadə olunur. Gördüyünüz kimi, hazırlanan suvenirlərdə daha çox tariximizi özündə əks etdirən təsvirlər – məsələn, II, V, IX və XIV əsrə aid Alban məbədlərinin rəsmləri əks olunub. Həmçinin məhsullarımızda at təsvirlərindən də geniş istifadə edirik. Sevindiricidir ki, məhsullarımız Laçına gələn yerli və xarici turistlərin marağına səbəb olur və həvəslə alınır".

Könül Bayandurova

Laçında sənaye potensialının gücləndirilməsi, həm də əhalinin məşğulluğunun təmin edilməsində çox mühüm rol oynayan təsisatlar sırasında "Zerti Aqro Sənaye Parkı" da xüsusi yer tutur. Kompleksdə sənaye məhsullarının istehsalı ilə yanaşı, kənd təsərrüfatı sahəsinin inkişafına da ciddi diqqət yetirilir, bu çərçivədə addımlar atılır. Bunun nəticəsi kimi parkda xaricdən gətirilən xırdabuynuzlu heyvanların yetişdirildiyi təsərrüfatın yaradıldığı qeyd oluna bilər.

Həmin müəssisənin nəzarətçisi Namiq Haqverdiyev orada saxlanılan heyvanların yerli şəraitə tez uyğunlaşdıqlarını və məhsuldarlıqları ilə seçildiklərini deyib:

"Fermamız Zerti Aqroparkında 2023-cü ilin avqustunda fəaliyyətə başlayıb. Burada Türkiyə, Fransa, Cənubi Afrika, Qazaxıstan kimi ölkələrdən gətirilən, ümumi sayı 25-yə yaxın olan 5 növ keçi, 15 növ qoyun bəslənilir. Bu keçi və qoyunlarda yerli növlərdən fərqli olaraq əkiz bala vermək xüsusiyyəti daha güclüdür. Heyvanların əsas qida ehtiyatı yerli ehtiyatlar hesabına təmin olunur. Bu heyvanlar hələ ki südçülük istiqamətində daha faydalıdırlar".

Namiq Haqverdiyev

Şəhərdə bir müddətdir, fəaliyyət göstərən "Laçın Abadlıq Xidməti" ASC-nin direktor müavini Elnur Abdullayev isə bildirib ki, təmsil etdiyi qurum rayonun iqtisadi həyatında fəal iştirak edir:

"Zerti Aqro Sənaye Parkı" 2023-cü ilin may ayında fəaliyyətə başladığı dövrdən indiyə kimi burada çox sayda müəssisə istifadəyə verilib. Bu sırada "Tingçilik", "Seleksiya mərkəzi", "Latifa" tikiş fabriki, "Naxış tikiş evi" "Aydınoğlu" mebel fabriki və digərlərini göstərmək olar. Qeyd olunan müəssisələrdə, əsasən, yerli sakinlər işlə təmin edilib. Bildirim ki, gələcəkdə daha bir neçə müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Eyni zamanda, Laçındakı fermer təsərrüfatlarından məhsulların tədarükü həyata keçirilir. Hazırda Laçında "Can Laçın" markası ilə orqanik məhsul istehsalı davam etdirilir".

Elnur Abdullayev

Laçında həyata keçirilən bərpa-quruculuq və abadlıq işləri çərçivəsində diqqəti cəlb edən əsas layihələr sırasında kanat yolu özünəməxsus yer tutur. Ümumiyyətlə, Laçının füsunkar təbiəti və geniş turizm imkanları nəzərə alınaraq rayonda müvafiq infrastrukturun qurulmasına xüsusi əhəmiyyət verilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətindən bildirilib ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq:

"İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilir. O cümlədən, bu çərçivədə turizm infrastrukturuna xüsusi diqqət yetirilir. Səkkiz dayanacağın nəzərdə tutulduğu kanat yolunun hündürlüyü 300 metr, xəttin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə kanat yolu bir saatda 800 sərnişinə xidmət edə biləcək. Bunun üçün hər biri 10 nəfərlik olan 17 kabin istifadəyə veriləcək. Həmçinin kanat yolunda səkkiz standart kabin xidmət göstərəcək. Eyni zamanda, 6 kabində velosipedlər, 3 kabində isə əlil arabaları üçün xüsusi yerlər nəzərdə tutulub".

Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi yerli sakinlərlə turistlərin sevimli məkanlarından biridir.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən mayın 27-də təməli qoyulan kanat yolunun 2026-cı ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Chosen
54
far.az

1Sources