EN

Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı– Allah Uzaq Eləsin

271 saylı məktəbdə yeniyetmə şagirdlərin arasında baş verən qovğa-mərəkənin təfərrüatına vardıqca kələf dolaşır, kimin haqlı, kimin haqsız olduğunu, münaqişənin haradan, nə üstə, necə başladığını asanlıqla kəsdirmək olmur. Cəncəl işdir.

Tərəfləri danışdırırlar, hər ikisi haqlı çıxır. Zorakılıq edən oğlan özü də ötən il zorakılığa məruz qalıbmış. Onu həm dizindən bıçaqlayıblar, həm də son günlərə qədər bullinq ediblər, bıçaq yarası aldığını baş qaxıncına çeviriblər, “daha yuxarıdan vurmaq”la hədələyiblər. O da əsas rəqiblərindən birinə yumruğu lap yuxarıdan vurub – özü də çox amansızcasına, nokaut etməyə çalışırmış kimi.

Keçmiş zərərçəkənin, hazırkı zərərvuranın videosu insanlarda haqlı hiddət doğurur. Hətta konfliktin dərinliyinə dalanda və onun bu hərəkətləri səbəbsiz, kefikökükdən etmədiyini biləndə də, ona haqq qazandırmaq olmur. Çünki bu yeniyetmənin tutduğu yol, “düşmən”indən öz bildiyi kimi qisas almaq ehtirası onu axırda ya həbsxanaya, ya da xəstəxanaya (yaxşı halda) aparacaq.

Üstəlik, o, bu günlərdə uzun tiyəli bıçaqla çəkdirdiyi şəklini paylaşıb. Bu, onun öz “düşmən”lərinə meydan oxuması ilə yanaşı, kriminal aləmin bir addımlığında olmasının göstəricisidr. O, artıq özünü “sözünü deyən oğlan”, “lazım gəlsə bıçaq işlədə biləcək cayıl” sayır.

Ortayaşlı və yaşlı adamlar bu cür situasiyalarda adətən “bizim vaxtımızda belə şeylər yox idi” deyə köhnə dövrləri idealizə edirlər, amma bu, heç də həqiqət deyil. Yeniyetmə qovğaları hər zaman olub. Bu, bir növ təkə təpişməsi, kenquru təpikləşməsi, canavar əniklərinin boğuşması, zürafə boyunlaşması kimi instinktiv bir şeydir. Ərgənlik yaşına çatanda əks-cinsin rəğbətini qazanmaq istəyənlərin, bu müstəvidə münaqişəyə girənlərin dalaşması hər zaman olub, olacaq.

Sadəcə, köhnə vaxtlardan fərqli olaraq, indiki ərgən münaqişələri yüngülvarı şillə-şapalaqla bitmir, daha ağır xəsarətlərlə müşayiət olunur və tərəflər bəzən kəsici-deşici alətlərə əl atırlar. “Rəqibi cəzalandırma” aktını videoya çəkib yaymaq da yeni reallıqdır. Köhnə kişilər burasını düz deyir, onların vaxtında dava-dalaşları videoya çəkmək adəti yox idi. (Videokameralı telefonlar da icad olunmamışdı).

İndiki yeniyetmələrin kriminal aləmə meylli olmaları artıq danılması mümkün olmayan gerçəkdir. Onlar məhəllələrdə, tinlərdə, həyətlərdə toplaşır, özlərindən böyük “yatıb-çıxan qaqaşlar”ın türmə hekayətlərinə qulaq asır, zərərli məzmunları olan meyxanalar dinləyir, "Məhbus həyat tərzi birdir" ideyasına köklənirlər. Bir çox divarlarda gördüyümüz AUE («Ареста́нтский укла́д еди́н») abbreviaturasını ora yazanlar məhz yeniyetmələrdir. Onlar özlərini türmə həyatına hazırlayırlar, ona görə də ciblərində bıçaq gəzidirir, istənilən söz çəpləşməsini kriminal jarqonla həll etməyə çalışır, qovğa böyüyəndə bıçağa əl atırlar, həbs həyatı yaşamaqdan qorxmurlar.

Əlbəttə ki, bu düşüncədə olan yeniyetmələr və gənclər böyük aldanış içindədirlər. Onları içəridə özlərindən yaşlı və təcrübəli arestantlar tərəfindən xroniki alçaldılmalar, təzyiqlər, təhdidlər gözləyir. Gənc yaşda “içəri” düşənlərin yalnız yüzdə biri oradan özgüvənli, “sınmamış”, kriminal karyeraya ümid edəcək halda çıxa bilir. Qalanları içəridə adi məhbus olur, sona qədər elə qalırlar, axırda zərərli vərdişlərə aludə olmuş, həyatı qaralmış, reputasiyası korlanmış halda çıxırlar və artıq azad həyata da alışa bilmir, yenidən cinayət törədir, residivistə çevrilirlər.

Normal həyatda oxuyub, öyrənib, təhsili davam etdirərək bir yerlərə gəlmək, vəzifə tutmaq, iş qurmaq qat-qat asandır, nəinki kriminal iyerarxiyada irəliləyərək “oğru dünyasının generalı” olmaq.

Bunu o uşaqlara israrlı şəkildə başa salan adamlar lazımdır. Fəqət bir çox böyüklər onlara adları çıxmış kriminal avtoritetlərdən, onların “necə yaşaması”ndan danışır, yeniyetmələrin beynini xarab edirlər.

Məsələnin bu yerə çatmasında məktəbin, təhsil sisteminin müəyyən məsuliyyəti var, amma bu, ailənin, valideynlərin öz övladlarına görə daşıdığı məsuliyyətin, ən yaxşı halda üçdə biri qədərdir. İstənilən yeniyetmə sutkanın 6 saatını məktəbdə, 18 saatını evdə olur. Onun hara getdiyinə, kimlərlə oturub-durduğuna ailə nəzarət etməlidir.

Ölkəmizin fikir adamlarından biri uzun illər öncə yerində demişdi ki, övladlar valideynlərindən çox küçənin tərbiyəsini götürür. Dəqiq fikirdir. Gerçəkdən də küçə, həyət, oradakı mühit yeniyetmələrin beyninə evdəki öyüd-nəsihətdən daha ciddi təsir edir.

Dövlətin hüquq-mühafizə orqanları küçə-məhəllə mühitini, kriminogen durumu nəzarət altında yaxşı saxlasalar, çətin tərbiyə olunan yeniyetmələri vaxtında təcrid etsələr, məktəblərdə təhlükəli durumlar yaranmaz.

İşin pis tərəfi odur ki, adi xuliqanlıq hərəkətlərinə görə təcrid edilən, bir müddət hansısa müəssisədə islah olunan yeniyetmə oradan artıq təcrübəli “yatıb-çıxmış” biri kimi, yeni statusla çıxır.

Bax, bu yerdə AUE abbreviaturasını belə oxumaq lazımdır – Allah Uzaq Eləsin.

 

Chosen
4
50
musavat.com

10Sources