EN

Yük maşını ilə müəllimi vuraraq öldürən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sürücüsünə hökm oxundu

Gəncə Şəhər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Mayıl Kərəmovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Mayıl Kərəmov yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.

 

Hadisə 2025-ci ildə Gəncə şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, təqsirləndirilən şəxs ayıq vəziyyətdə, sürücülük vəsiqəsi və müvafiq yol vərəqəsi əsasında idarə etdiyi Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus “KamAZ” markalı yük avtomobili ilə xidmət fəaliyyətini həyata keçirib.

 

Müəyyən edilib ki, o, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ərazisində yerləşən ticarət obyektinin qarşısında məişət tullantılarının yığılması işlərini tamamladıqdan sonra avtomobili yenidən hərəkətə gətirərək növbəti ünvana istiqamətlənib. Bu zaman yük maşını təxminən saatda 10 kilometr sürətlə hərəkətdə olub. Sürücü “Yol hərəkəti haqqında” Qanunun müvafiq tələblərini pozaraq manevr zamanı təhlükəsizlik qaydalarına tam əməl etməyib, hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmamaq öhdəliyini lazımi qaydada yerinə yetirməyib və hadisənin qarşısını almaq üçün texniki imkanı olmasına baxmayaraq ehtiyatlılıq göstərməyib. Nəticədə, Mayıl Kərəmov yolu sağ istiqamətdən sola keçmək istəyən piyada Rəna Məmmədovanı yük avtomobilinin ön hissəsi ilə vurub.

 

Hadisə zamanı piyada qapalı kəllə-beyin travması alıb. Ekspertiza ilə müəyyən olunub ki, zərərçəkmiş şəxsdə baş beynin yumşaq qişasına, beyin mədəciklərinə, uzunsov beyinə və beyin toxumasına qansızmalarla müşayiət olunan, sağ gicgah, ənsə və kəllə əsasının sınıqları qeydə alınıb. Həmin xəsarətlər sağlamlığa ağır zərər vurmaya aid edilib və zərərçəkmiş şəxs hadisə yerində vəfat edib.

 

Məhkəmə araşdırması zamanı Mayıl Kərəmov irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində 2009-cu ildən Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində sürücü işlədiyini, hadisə günü xidməti ərazi üzrə zibil konteynerlərinin boşaldılması işlərini həyata keçirdiyini söyləyib.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün məişət tullantıları avtomobilə yükləndikdən sonra növbəti əraziyə hərəkət etmək məqsədilə yük maşınını işə salıb və dönmə işıqlarını yandıraraq hərəkətə başlayıb. Təxminən iki metr irəlilədikdən sonra qəfil qışqırıq səsi eşidib, avtomobilin ön hissəsindən səs gəldiyini hiss edib və nəyəsə dəydiyini anlayıb.

 

Mayıl Kərəmov daha sonra avtomobilin altında nəyinsə qala biləcəyini ehtimal etdiyini, nəqliyyat vasitəsini geriyə hərəkət etdirdiyini və yük maşınından düşdükdə yolun qarşı hissəsində qan içində uzanan qadını gördüyünü bildirib.

 

O, dərhal təcili tibbi yardım xidmətinə məlumat verdiyini, hadisə yerinə polis əməkdaşları və həkim briqadasının gəldiyini, həmin vaxt qadının həyatını itirdiyini öyrəndiyini qeyd edib.

 

Məhkəmədə dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi isə bildirib ki, Rəna Məmmədova onun anası olub və musiqi məktəbində müəllim kimi fəaliyyət göstərib. Hadisə günü səhər saatlarında işə getmək üçün evdən çıxıb, sonradan polis əməkdaşlarından aldığı məlumat əsasında anasının yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini öyrənib.

 

Hüquqi varis məhkəməyə təqdim etdiyi yazılı ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını söyləyib.

 

Kamal Məmmədov

Tarix: 19 May 2026, 09:39   
Chosen
21
pravda.az

1Sources