ain.az, Apa.az saytına istinadən bildirir.
Mənzil siyasəti nəqliyyat, infrastruktur və məşğulluqdan ayrı planlaşdırıla bilməz.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı yüksək səviyyəli dialoqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva deyib.
O bildirib ki, mənzil böhranı artıq yalnız ayrı-ayrı regionların problemi deyil, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri əhatə edən çoxölçülü qlobal çağırışa çevrilib.
Gülşən Rzayevanın sözlərinə görə, təhlükəsiz, əlçatan və münasib qiymətli mənzil olmadan sağlamlıq bərabərliyinə nail olmaq, iqtisadi dayanıqlılığı gücləndirmək və iqlim dəyişikliklərinin təsirlərindən qorunmaq mümkün deyil.
“Bu, təkcə mənzil məsələsi deyil. Bu, inkişaf, iqlim və insan hüquqları məsələsidir”, – o vurğulayıb.
Komitə rəsmisi qeyd edib ki, mənzil siyasəti nəqliyyat, mühəndis infrastrukturu, iş yerləri, ictimai xidmətlər və iqlim dayanıqlığı ilə birlikdə planlaşdırılmalıdır. Onun fikrincə, torpaq idarəçiliyinin gücləndirilməsi və torpağın sosial və ekoloji funksiyasının qorunması mənzil əlçatanlığının artırılması üçün əsas imkanlardan biridir.
Gülşən Rzayeva əlavə edib ki, WUF13-ə ev sahibliyi edən Azərbaycan şəhərlərin gələcəyinin formalaşdırılması üzrə qlobal liderləri, ekspertləri və qərarvericiləri bir araya gətirməkdən qürur duyur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.