Beynəlxalq Gecəqondu Sakinləri Təşkilatının nümayəndəsi Rose Molokoane Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində çıxış edərək mənzil siyasətlərinin yoxsul insanların real ehtiyaclarına uyğun hazırlanmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində insanlar torpaq və mənzil hüquqları uğrunda mübarizə aparır və bu prosesdə əsas məqsəd yoxsul icmaların səsinin eşidilməsidir.
“Biz mənzil uğrunda neqativ şəkildə deyil, tərəfdaşlıqlar quraraq mübarizə aparırıq. İstəyirik ki, yoxsulların səsi dinlənilsin,” – o bildirib.
Rose Molokoane qeyd edib ki, hökumətlərin hazırladığı bir çox mənzil siyasəti kağız üzərində yaxşı görünsə də, praktiki baxımdan yoxsul əhali üçün əlçatan deyil.
“Bu siyasətlər çox gözəldir, amma onları tətbiq etmək mümkün olmur. Biz yoxsulların ehtiyaclarına uyğun mənzil siyasətləri görmək istəyirik,” - o vurğulayıb.
Onun sözlərinə görə, insanlara torpaq sahibi olmaq və öz evlərini tikmək imkanı verildikdə “xalqın mənzil prosesi” formalaşır və bu yanaşma həm sosial, həm də iqtisadi baxımdan mühüm nəticələr verir.
Molokoane sosial mənzilin cəmiyyətdə birliyi gücləndirdiyini və mənzil tikintisinin iqtisadi fəaliyyət yaratdığını bildirib.
“Birgə hərəkət etsək, mənzil hamı üçün əlçatan olacaq. Əsas məsələ fəaliyyətdir – fəaliyyət, fəaliyyət və fəaliyyət,” - o əlavə edib.
Gülnar Nazimqızı