EN

WUF13 dünya mediasının gündəmində

Beynəlxalq ictimaiyyət Bakı Forumunu maraqla izləyir

Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum/WUF) şəhərsalma məsələləri üzrə dünyanın önəmli konfransıdır. Belə mühüm tədbir, heç şübhəsiz ki, dünya mediasının da diqqət mərkəzindədir. Beynəlxalq media orqanlarının forumla bağlı yayımladıqları materiallarda ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.

Türkiyənin informasiya agentlikləri, televiziya kanalları, çap mediası və xəbər saytları WUF13-ü geniş işıqlandırırlar. Qardaş ölkənin media orqanları müzakirələrin əhəmiyyəti barədə çoxmilyonlu auditoriyaya məlumat veriblər. “WUF13 bütün dünyanı Azərbaycanda bir araya gətirib. Bakıda şəhərlərin gələcəyi formalaşır”, – deyə Türkiyə mediasında yer alan sərlövhələrdə bildirilir.

Reportaj və məqalələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin forumun gündəliyinin və məqsədlərinin təşviqinə ölkənin mümkün töhfəni verməyə hazır olduğunu vurğulayan fikirlərinə yer verilib. Qeyd olunur ki, WUF13 işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasını dünyaya nümayiş etdirmək üçün də imkan yaradır. Xəbər materiallarında bildirilir ki, WUF13 həm də Azərbaycanın təşkilatçılıq imkanlarını dünyaya nümayiş etdirməyə şərait yaradacaq. Eyni zamanda, iki il əvvəl Bakıda BMT-nin digər qlobal tədbiri olan COP29 iqlim sammitinin uğurla keçirildiyi xatırladılır.

Digər qardaş ölkə – Pakistanın DND informasiya agentliyində, “The Nation”, “Daily Times” və “The News” nəşrlərində dərc olunan məqalələrdə ölkənin WUF13-də nazirlər və digər yüksəkvəzifəli rəsmilərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunduğu bildirilib. Xəbərlərdə Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin Pəncabın əlçatan mənzil layihəsini beynəlxalq auditoriyaya təqdim edəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, materiallarda WUF13-ün beynəlxalq əhəmiyyətli platforma olduğu, forumun dünya liderlərini, investorları və şəhərsalma ekspertlərini bir araya gətirdiyi vurğulanıb. Bundan başqa, Azərbaycanın bu mötəbər tədbirə uğurla ev sahibliyi etdiyi, Pakistan nümayəndə heyətinin Bakıda yüksək qonaqpərvərliklə qarşılandığı məmnunluqla bildirilib.

Özbəkistanın “Kun.uz”, “Podrobno.uz”, “UzDaily”, “UZA”, “Gazeta.uz”, “Zamin.uz” nəşrlərində dərc olunan materiallarda WUF13 qlobal urbanizasiya çağırışları, dayanıqlı inkişaf, sosial həyat və mənzil təminatı üzrə mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma olması əksini tapıb. Eyni zamanda, Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu tədbirin BMT çərçivəsində əməkdaşlıq və şəhərsalma həllərinin müzakirəsi üçün mühüm qlobal dialoq platforması olduğu vurğulanıb. Xəbərlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya işgüzar səfəri və tədbirdə iştirakı Özbəkistanın beynəlxalq şəhərsalma gündəmində fəal mövqeyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.

Çinin “Sinxua” agentliyi də WUF13 barədə silsilə məqalələr yayımlayıb. Məqalələrdə WUF13-ün şəhərsalma, əlçatan mənzil və dayanıqlı şəhər inkişafı üzrə mühüm qlobal platforma olduğu qeyd edilib, Bakının müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşdığı vurğulanıb, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşdırdığı oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, çinli ekspertlərin fikirlərinə yer verilərək, Çinin urbanizasiya və əlçatan mənzil sahəsində təcrübəsinin Azərbaycan və inkişaf etməkdə olan digər ölkələr üçün faydalı nümunə olduğu, WUF13-ün isə Bakı üçün uzunmüddətli şəhər yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Rusdilli nəşrlərdə də WUF13 barədə silsilə məqalələr dərc olunub. “Moscow-baku.ru”, “Vestnik Kavkaza” və digər portallarda dərc olunan yazılarda Azərbaycan hökuməti və UN-Habitat tərəfindən birgə təşkil olunan tədbirdə 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qeydə alındığı vurğulanıb. İlk dəfə olaraq Sessiya çərçivəsində nazirlər görüşü və Liderlər Sammiti seqmentlərinin də təşkil edildiyi diqqətə çatdırılıb. Bakıdakı müzakirələrin əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və “ağıllı şəhər” modellərinə həsr olunduğu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və yaşıl enerji zonası layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub.

Fransızdilli “Lagazetteaz.fr” nəşrində BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbaxın WUF13 barədə fikirləri öz əksini tapıb. Məqalədə bu tədbirin şəhərsalma gündəliyi üzrə mühüm beynəlxalq platforma rolunu oynadığı bildirilib. Yazıda, həmçinin Bakının yüksək səviyyədə qəbul etdiyi tədbirin şəhərsalma, dayanıqlı inkişaf və “Hamı üçün mənzil” mövzusu ətrafında dünya miqyasında müzakirələr üçün əsas məkan olduğu vurğulanıb. Eyni zamanda, WUF13 çərçivəsində nazirlər görüşü və digər formatlar vasitəsilə “Yeni Şəhər Gündəliyi” üzrə siyasi konsensusun formalaşdırılması və gələcək onillik üçün prioritetlərin müəyyənləşdirilməsinin hədəfləndiyi diqqətə çatdırılıb.

Misir mətbuatı da WUF13-ə geniş diqqət ayırıb. Ölkənin “The Egyptian Gazette”, “Youm7”, “El Balad”, “Vetogate”, “Al Dostor”, “Al-Usbua”, “Al Qarar Al Arabi”, “Business News Egypt”, “Anbaa Alyoum”, “Nile.eg” və digər nəşrlərində yayımlanan materiallarda Azərbaycanın və BMT-Habitatın birgə təşkil etdiyi WUF13-ün şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil sahəsində qlobal müzakirələr üçün əsas platforma olduğu vurğulanıb. Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu mühüm tədbirin “Yeni Şəhər Gündəliyi” ətrafında qlobal siyasi və strateji müzakirələr üçün mühüm beynəlxalq dialoq məkanı olduğu qeyd edilib. Xəbərlərdə Misirin sessiyada öz şəhərsalma təcrübəsini, xüsusilə əlçatan mənzil sahəsindəki nailiyyətlərini beynəlxalq auditoriya ilə bölüşdüyü bildirilib.

Malayziyanın “Bernama” agentliyinin, eləcə də “The Sun” və “SABA News” nəşrlərinin materiallarında qlobal urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə əsas platforma olan WUF13-ün beynəlxalq şəhərsalma gündəliyinin formalaşmasında mühüm dialoq platforması kimi çıxış etməsinə diqqət çəkilib. Malayziyanın bu sahədə əməkdaşlığın genişləndirilməsinə və sessiyada şəhərsalma sahəsində qlobal təşəbbüslərə dəstək verdiyi vurğulanıb.

Keniyanın “Saccoreview”, “People Daily”, “The-star.co.ke”, “Capitalfm”, “Kenyans.co.ke”, “Kenyafrontline.com”, “Standardmedia.co.ke” media qurumları tərəfindən yayımlanan xəbərlərdə ölkə Prezidenti Uillyam Samoei Rutonun bu ölkənin əlçatan mənzil və davamlı şəhər inkişafı sahəsində uğurlarına görə WUF13-ə dəvət olunduğu bildirilib. Qeyd olunub ki, Prezident Ruto WUF13 zamanı Keniya hökumətinin əlçatan mənzil proqramını təqdim etməklə və şəhərsalma layihələri üçün yeni beynəlxalq tərəfdaşlar və investorlar cəlb etməyə çalışacaq. Xəbərlərdə Keniyanın dövlət başçısının Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib.

WUF13 barədə xəbərlər Səudiyyə Ərəbistanı, BƏƏ, Qazaxıstan, Moldova, Tacikistan, Hindistan, İordaniya, İraq, Mozambik və digər ölkələrin media orqanları tərəfindən də geniş işıqlandırılıb.

Səxavət HƏMİD
XQ

Chosen
7
22
xalqqazeti.az

10Sources