EN

Azərbaycanın şəhərsalma təcrübəsi qlobal önəm daşıyır

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünyanın müxtəlif ölkələrindən siyasiləri, şəhər rəhbərlərini, urbanizasiya üzrə ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirib. Tədbirdə iştirak edən Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Vitali Maletski XQ-yə eksklüziv müsahibəsində şəhərlərin qlobal çağırışlara adaptasiyası, beynəlxalq əməkdaşlığın vacibliyi və Bakı forumunun mükəmməl təşkili barədə danışdı.

– Cənab Maletski, əvvəlcə WUF13 forumu barədə ümumi fikirlərinizi bölüşərdiniz. Bu platformanın əsas əhəmiyyətini nədə görürsünüz?

– Hesab edirəm ki, WUF13 kimi beynəlxalq platformalar müasir dövrdə çox böyük əhəmiyyət daşıyır. Çünki bu gün şəhərlər təkcə yerli problemlərlə deyil, qlobal çağırışlarla da üz-üzədir. İqlim dəyişikliyi, urbanizasiyanın sürətlənməsi, əhalinin artımı, infrastrukturun yenilənməsi və sosial xidmətlərin təkmilləşdirilməsi kimi məsələlər artıq bütün dünya şəhərləri üçün ortaq mövzulardır. Belə forumlar isə şəhər rəhbərlərinə və ekspertlərə bir masa arxasında toplaşaraq fikir mübadiləsi aparmaq imkanı yaradır. Burada müxtəlif ölkələrin təcrübələrini öyrənir, yeni yanaşmalarla tanış olur və gələcək əməkdaşlıqlar üçün əlaqələr qururuq. Mən hesab edirəm ki, şəhərlərin uğurlu inkişafı yalnız təcrübə paylaşımı və beynəlxalq əməkdaşlıq sayəsində mümkündür. Forum çərçivəsində keçirilən panel müzakirələri də çox faydalıdır və aktual problemlərin həlli istiqamətində mühüm mesajlar verir.

– Forumda daha çox hansı mövzular diqqətinizi çəkdi?

– Ən çox diqqətimi çəkən mövzulardan biri “ağıllı şəhər” texnologiyalarının tətbiqi oldu. Bu gün texnologiyalar şəhərlərin idarə edilməsində mühüm rol oynayır. Rəqəmsal həllər nəqliyyat sistemlərinin idarə olunmasından tutmuş kommunal xidmətlərin optimallaşdırılmasına qədər geniş imkanlar yaradır.

Digər vacib mövzu isə ekoloji dayanıqlılıq idi. Müasir şəhərlər yalnız iqtisadi deyil, ekoloji baxımdan da inkişaf etməlidir. Yaşıl zonaların artırılması, alternativ enerji mənbələrinin istifadəsi, tullantıların düzgün idarə olunması gələcəyin əsas istiqamətlərindəndir.

Sosial inklüzivlik məsələləri də forumun mühüm hissələrindən biridir. Şəhərlər bütün insanlar üçün əlçatan və rahat olmalıdır. İnsanyönümlü yanaşma şəhər idarəçiliyində əsas prinsipə çevrilməlidir.

– Ukrayna şəhərləri hazırda hansı əsas problemlərlə qarşılaşır?

– Hazırda əsas məqsədimiz şəhərlərin dayanıqlılığını qorumaqdır. İnfrastrukturun yenilənməsi, ictimai xidmətlərin fasiləsiz fəaliyyəti və insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdir. Biz çalışırıq ki, şəhərlərimizin inkişafı dayanmasın və müasir standartlara uyğun idarəetmə sistemi qurulsun. Bununla yanaşı, rəqəmsal idarəetməyə keçid üzərində də işləyirik. Elektron xidmətlərin genişləndirilməsi, idarəetmədə şəffaflığın artırılması və vətəndaşlarla daha effektiv kommunikasiya qurulması bizim üçün vacib istiqamətlərdəndir.

– Sizin fikrinizcə, gələcəyin şəhərləri necə olmalıdır?

– Hesab edirəm ki, gələcəyin şəhərləri daha ağıllı, daha yaşıl və daha təhlükəsiz olmalıdır. İnsanlar artıq, sadəcə, böyük binalar və geniş yollar deyil, rahat və keyfiyyətli həyat istəyirlər. Buna görə də şəhərsalma siyasəti insan mərkəzli olmalıdır. Gələcəyin şəhərlərində “yaşıl enerji” layihələri geniş tətbiq olunacaq. Günəş və külək enerjisindən istifadə artacaq, ictimai nəqliyyat sistemləri daha ekoloji olacaq. Eyni zamanda, rəqəmsal texnologiyalar gündəlik idarəetmənin əsas hissəsinə çevriləcək.

“Ağıllı şəhər” konsepsiyası gələcəyin əsas modeli olacaq. Bu konsepsiya çərçivəsində nəqliyyat axınının idarə olunması, təhlükəsizlik sistemləri, enerji istifadəsi və digər sahələr texnologiyalar vasitəsilə optimallaşdırılacaq.

– Bakının WUF13 forumuna ev sahibliyini necə qiymətləndirirsiniz?

– Azərbaycan forumu çox yüksək səviyyədə təşkil edib. Bakı müasir və sürətlə inkişaf edən şəhər təsiri bağışlayır. Şəhərin infrastrukturu, nəqliyyat sistemi və ümumi şəhər mühiti çox müsbət təəssürat yaradır. Tədbirin təşkilati səviyyəsi də olduqca peşəkardır. Forum iştirakçıları üçün hərtərəfli şərait yaradılıb. Bu, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malik olduğunu göstərir.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, burada qonaqlara göstərilən münasibət və qonaqpərvərlik yüksək səviyyədədir. Bu da ölkə haqqında müsbət fikir formalaşdırır. Burada çox səmimi münasibət gördük. Bakı çox gözəl şəhərdir və forum yüksək səviyyədə təşkil olunub. İnanıram ki, WUF13 şəhərlərin gələcəyi ilə bağlı mühüm qərarların və əməkdaşlıqların başlanğıcı olacaq.

– Beynəlxalq əməkdaşlığın şəhərlərin inkişafında rolu barədə nə deyə bilərsiniz?

– Müasir dünyada heç bir şəhər təkbaşına bütün problemləri həll edə bilməz. Əməkdaşlıq vacibdir. Şəhərlər bir-birinin təcrübəsindən faydalanmalıdır. Məsələn, hansısa ölkədə uğurla tətbiq olunan bir layihə digər şəhərlər üçün də nümunə ola bilər.

Beynəlxalq platformalar yeni tərəfdaşlıqlar qurmaq üçün də imkan yaradır. Bu, həm iqtisadi, həm sosial, həm də texnoloji inkişaf baxımından böyük üstünlükdür. Mən hesab edirəm ki, gələcəyin inkişaf modeli məhz əməkdaşlıq üzərində qurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
xalqqazeti.az

2Sources