EN

WUF13-də çağırış: “İnsan hüquqları olmadan mənzil siyasəti effektiv ola bilməz”

WUF13-də
Beynəlxalq Yaşayış Mühiti Koalisiyasının prezidenti Qreys Çikumo-Mtonqa bildirib ki, mənzil böhranı hər keçən gün daha da dərinləşir. 1news.az-ın müxbiri xəbər verir ki, o, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: çıxış yolu nədir?” adlı dialoqda səsləndirib.
Onun sözlərinə görə, müasir dünya mürəkkəb qlobal geosiyasi vəziyyətin formalaşdırdığı çətin dövrdən keçir. Qreys Çikumo-Mtonqa qeyd edib ki, hazırda mənzil, torpaq, əsas xidmətlər və ictimai nemətlərin özəlləşdirilməsi güclənir, lakin bu proses lazımi tənzimləmə ilə müşayiət olunmur. Bir çox xidmətlər investorların maraqlarına xidmət edən gəlir yönümlü sahələrə çevrilib, yerli icmaların ehtiyacları isə arxa plana keçir. Eyni zamanda, vətəndaş cəmiyyətinin fəaliyyət məkanı daralır, hakimiyyət daha çox mərkəzləşir, siyasi qərarlar və institutlar korporativ maraqların təsiri altında formalaşır, yerli xalqların bilik və təcrübəsi isə diqqətdən kənarda qalır. Qreys Çikumo-Mtonqa bildirib ki, 2026-cı ildə Beynəlxalq Yaşayış Mühiti Koalisiyası (HIC) və BMT-Habitat təşkilatı 50 illik yubileyini qeyd edəcək. Onun sözlərinə görə, bu yubiley mühüm sual doğurur: “50 ildən sonra biz hələ də bu qədər dərin bərabərsizlikdən danışmalı oluruqmu? Əlbəttə ki, yox. Lakin bu proses bizə göstərir ki, mənzil böhranı yeni deyil - sadəcə hər gün daha da kəskinləşir”. Spiker böhranı dərinləşdirən əsas maneələrdən də danışıb. Onun sözlərinə görə, əsas problemlərdən biri insanların maraqlarından daha çox gəlirliliyin üstün tutulmasıdır. Şəxsi sektorun torpaq istifadəsində dominant mövqeyə malik olması şəhərlərin gentifikasiyasına, yaşayış sahələrinin kommersiya zonalarına çevrilməsinə və insan hüquqlarının planlaşdırma prosesindən sıxışdırılmasına səbəb olur. Nəticədə isə ehtiyacları sistemli şəkildə nəzərə alınmayan “görünməz şəhər əhalisi” yaranır. Qreys Çikumo-Mtonqa vurğulayıb ki, bunun nəticəsi olaraq məcburi köçürülmələrin sayı artır. İnsanlar iri inkişaf layihələri, iqlim fəlakətləri, silahlı münaqişələr, işğal və müharibələr səbəbindən evlərini itirirlər. O əlavə edib ki, digər mühüm problem mənzilin maliyyə alətinə və kommersiya məhsuluna çevrilməsidir. Mənzil artıq sosial nemət deyil, investisiya aktivi kimi qiymətləndirilir. Bu isə qiymətlərin əlçatmaz hala gəlməsinə, qısamüddətli kirayə bazarının tənzimlənməməsinə və yaşayış fondunun turizm məqsədlərinə yönləndirilməsinə gətirib çıxarır. Spiker qeyd edib ki, icmalar tərəfindən idarə olunan kollektiv mənzil həllərinə və yerli xalqların bilik sistemlərinə kifayət qədər dəstək verilmir. Ən ağır yük isə gender, irq, sosial status, yaş və fiziki imkanlar baxımından ayrı-seçkiliklə üzləşən həssas qrupların üzərinə düşür. Çıxışının sonunda Qreys Çikumo-Mtonqa bildirib ki, mövcud müzakirələrdə əsas çatışmayan məqam insan hüquqları aspektidir. Onun sözlərinə görə, hesabatlılıq mexanizmlərinə, hüquqi müdafiə vasitələrinə və kompensasiya sistemlərinə çıxışı təmin edən güclü hüquq-müdafiə bazası olmadan görülən tədbirlər tam effektiv ola bilməz:

“Mənzil siyasəti yalnız infrastruktur və ya bazar məsələsi deyil. Sonda bu məsələ ədalətlə bağlıdır”, - deyə o vurğulayıb.

Chosen
3
1news.az

1Sources