Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı yayılan yarım-təsdiqlənmiş məlumatlar ictimai müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, Real Partiyasının sədri İlqar Məmmədov məsələ ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
O bildirib ki, qatar biletlərinin qiyməti normal iqtisadi şəraitdə tələb və təklif əsasında formalaşmalıdır. Lakin sərhədlərin bağlı qalması və alternativ keçid imkanlarının məhdud olması vəziyyəti fərqli edir.
İlqar Məmmədovun fikrincə, əgər Bakı-Tbilisi qatarına gözlənildiyi kimi yüksək tələbat yaranarsa, bilet qiymətləri beynəlxalq müqayisələrlə müqayisədə xeyli baha ola bilər.
“Alternativ olaraq sərhədi maşınla və ya piyada keçə bilmirik. Bu halda yüksək tələbat qiymətlərə birbaşa təsir edəcək”, – deyə o qeyd edib.
Siyasətçi hesab edir ki, rəsmi qiymətlər aşağı saxlanılarsa, bu zaman qara bazar və qeyri-rəsmi satış mexanizmləri formalaşa bilər.
Onun sözlərinə görə, belə vəziyyətdə biletlərin şəxsi tanışlıq, vasitəçilik və ya qeyri-rəsmi ödənişlər qarşılığında satılması ehtimalı yaranır.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında yeni sazişlər imzalanıb.
Bu barədə Gürcüstan hökumət administrasiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilir ki, tərəflər ikitərəfli koordinasiya şurasının protokolunu imzalayıblar.
Razılaşmaya əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsi tam istifadəyə veriləcək.
Eyni zamanda, altı illik fasilədən sonra Bakı ilə Tbilisi arasında gündəlik sərnişin qatarının hərəkəti 26 may tarixindən etibarən bərpa olunacaq.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusu imzalanıb.
Bildirilib ki, tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.
Orxan
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.