EN

Lyublyanada 28 May Müstəqillik Günü və Sloveniya ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə rəsmi qəbul

ain.az, Azertag saytına istinadən bildirir.

Vyana, 19 may, AZƏRTAC

Sloveniyanın paytaxtı Lyublyana şəhərində 28 May - Müstəqillik Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın iqamətgahı Vyana şəhəri olmaqla Sloveniyadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Sloveniyanın sabiq prezidenti Borut Pahor, ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer, Sloveniyanın Xarici və Avropa İşləri üzrə Nazirliyində dövlət katibləri Melita Qabriç və Neva Qraşiç, Sloveniya prezidentinin siyasi məsələlər üzrə müşaviri Aleksey Skok daxil olmaqla bir sıra yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, Sloveniyanın İslam İcmasının müftisi Nevzet Poriç, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sloveniyanın müxtəlif regionlarından gələn ziyalılar, özəl sektorun nümayəndələri, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan və Sloveniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli əsası 1918-ci ildə qoyulan, müsəlman Şərqində ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib. Qısa ömür sürməsinə baxmayaraq cümhuriyyətin təkcə Azərbaycanın deyil, regionun tarixində dərin iz qoyduğunu bildirilib. 23 aylıq müddət ərzində görülən işlərin, həyata keçirilən islahatların, dövlət quruculuğu və hüquqi bazanın inkişafının həmin dövr üçün inqilabi xarakter daşıdığı qeyd edilib.

Ümummilli Lider Heydər Əliyevin sözlərindən iqtibas gətirilərək, xalqımızın tarixi nailiyyəti olan dövlət müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi və daha da gücləndirilməsinin o vaxtdan bəri azərbaycanlılar üçün əsas məqsəd olduğu vurğulanıb. Bu gün dövlət müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan daxili və xarici siyasətin mərkəzində dayandığı bildirilib. Azərbaycanın müstəqil siyasətinə görə beynəlxalq aləmdə böyük hörmət qazandığı, sözlə əməlimizin üst-üstə düşməsinin ölkəmizin nüfuzunu artırdığı qeyd edilib.

Müasir Azərbaycanın çoxşaxəli iqtisadiyyatı, siyasi sistemi, zəngin mədəni dəyərləri, dini müxtəlifliyi və tolerantlığı, qürurlu tarixi keçmişi ilə tarixində heç vaxt olmadığı qədər güclü olduğu vurğulanıb.

Azərbaycanın təşəbbüs göstərdiyi enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər layihələrin yalnız ayrı-ayrı ölkələri deyil, bütöv regionları və qitələri birləşdirərək xalqlarımızın və iqtisadiyyatlarımızın rifahına xidmət etdiyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycan və Sloveniya arasında mövcud ikitərəfli münasibətlərə toxunularaq, ötən illər ərzində bu münasibətlərin daha da möhkəmləndiyi və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın daha da genişləndiyi qeyd edilib.

Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun yaradılması, 2025-ci ildə Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Tanya Fayonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakı şəhərində sözügedən Birgə İşçi Qrupunun birinci iclasının keçirilməsi, Azərbaycanla Sloveniya arasında Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması kimi məsələlərə diqqət yetirilib.

Azərbaycan xalqının igid oğlu, “Mixaylo” ləqəbli əfsanəvi partizan Mehdi Hüseynzadənin xatirəsinə Sloveniyada bəslənilən hörmətin və doğma münasibətin dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etdiyi nəzərə çatdırılıb.

Sloveniya hökuməti adından Xarici və Avropa İşləri üzrə Nazirliyinin Baş katibi Barbara Jvokel tədbirdə çıxış edərək, siyasi dialoq və iqtisadi əlaqələr baxımından son illərdə Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərdə əhəmiyyətli irəliləyişin müşahidə olunduğunu vurğulayıb. Enerji sahəsində mövcud əməkdaşlığa toxunularaq, Azərbaycanın bu sahədə Sloveniyanın etibarlı tərəfdaşı olduğu ifadə edilib.

Suverenlik, ərazi bütövlüyü, beynəlxalq hüquqa və BMT nizamnaməsinə hörmət prinsiplərinə və birgə öhdəliklərə əsaslanan Azərbaycan və Sloveniya arasında tərəfdaşlıq əlaqələrinin gələcəkdə yeni mərhələyə qaldırılması qeyd olunub.

Tədbir bədii hissə ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
azertag.az

2Sources