Özbəkistanda qadınlara və uşaqlara qarşı cinayətlərin, xüsusilə də məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində yeni və sərtləşdirilmiş mexanizmlər tətbiq edilir. Prezident Şavkat Mirziyoyevin imzaladığı fərman bu sahədə dövlət siyasətinin daha operativ və texnoloji əsaslara söykənməsini hədəfləyir. Rəsmi məlumatlara və yayılan normativ dəyişikliklərin məzmununa görə, 2026-cı il 1 aprel tarixindən etibarən məişət zorakılığı ilə bağlı müraciətlərin daxili işlər orqanlarına dərhal ötürülməsi üçün yeni “tez bildiriş” proseduru işə düşəcək. Bu mexanizm, xüsusilə risk altında olan qadın və uşaqların hüquqi müdafiəsinə çevik reaksiya verilməsini nəzərdə tutur. Yeni qaydalara əsasən, müdafiə orderi alan zərərçəkmiş şəxsin razılığı ilə Özbəkistan Milli Sosial Müdafiə Agentliyinin hazırladığı my.ihma.uz mobil tətbiqi onun istifadə etdiyi cihazlara – telefon, planşet və digər rəqəmsal vasitələrə quraşdırıla biləcək. Tətbiqin əsas funksiyalarından biri “SOS” düyməsidir. Bu sistem vasitəsilə zərərçəkmiş şəxs təhlükə anında bir toxunuşla hüquq-mühafizə orqanlarına və sosial xidmət strukturlarına siqnal göndərə biləcək. Məqsəd – hadisəyə reaksiyanın gecikmədən, real vaxt rejimində təmin olunmasıdır.
Bəs Azərbaycanda da belə bir model ola bilərmi?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Musavat.com-a deyib ki, Özbəkistanda tətbiq olunmağa başlayan “SOS” mexanizmi yeni mobil tətbiq deyil. Onun fikrincə, bu, dövlətin məişət zorakılığına yanaşmasında fərqli mərhələyə keçid cəhdidir, çünki illərlə əsas problem zorakılıq faktının mövcudluğu yox, təhlükə anında müdaxilənin gecikməsi olub: “Yeni modelin mahiyyəti ondan ibarətdir ki, təhlükə altında olan şəxs bir toxunuşla polisə və sosial xidmət qurumlarına siqnal göndərə bilir. Məqsəd isə hadisədən sonra protokol yazmaq deyil, risk yaranan anda müdaxilə etməkdir. Azərbaycanda da belə mexanizmin tətbiqi nəzəri baxımdan mümkündür. Hətta bunun üçün müəyyən hüquqi və texniki baza artıq mövcuddur. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun, mühafizə orderi institutu, “102” sistemi, elektron hökumət infrastrukturu və rəqəmsal xidmət imkanları belə modelin qurulmasını texniki baxımdan mümkünsüz etmir. Amma məsələ yalnız tətbiq hazırlamaqdan ibarət deyil. Praktikada məişət zorakılığı ilə bağlı ən mürəkkəb problem odur ki, təhlükə altında olan qadınların əhəmiyyətli hissəsi son ana qədər polisə müraciət etməkdən çəkinir.
Bunun səbəbləri müxtəlifdir:
- iqtisadi asılılıq;
- ailə və qohum təzyiqi;
- uşaqları itirmək qorxusu;
- “şikayət etsəm vəziyyət daha da ağırlaşacaq” düşüncəsi;
- bəzi hallarda isə hüquq-mühafizə sisteminə inamsızlıq”.
Əliməmməd Nuriyev deyib ki, praktikada polis əməkdaşlarının da tez-tez rastlaşdığı vəziyyətlərdən biri budur ki, çağırış edən şəxs polis hadisə yerinə çatana qədər fikrini dəyişir və şikayətdən imtina edir: “Ailə məsələsidir”, “öz aramızda həll edəcəyik” kimi ifadələr riskin real qiymətləndirilməsini çətinləşdirir. Halbuki bəzən ən təhlükəli mərhələ məhz həmin “barışıq” anından sonra başlayır. Ona görə də “SOS” düyməsi texnologiyadan daha çox etimad məsələsidir. Əgər zərərçəkmiş şəxs göndərdiyi siqnalın real müdaxilə yaradacağına inanmırsa, həmin tətbiq telefonundakı adi proqramlardan birinə çevriləcək. Digər vacib məsələ isə sistemin kimlər üçün tətbiq olunacağıdır. Çünki belə mexanizmin hamı üçün açıq formada tətbiqi həm sui-istifadə riskini, həm də texniki yükü artırar. Daha real model risk qrupuna daxil edilən şəxslərlə bağlı xüsusi nəzarət mexanizminin qurulması ola bilər. Məsələn, mühafizə orderi verilmiş hallarda, təkrar zorakılıq riski müəyyən edilmiş ailələrdə, ölüm və ya ağır xəsarət təhdidi olmuş situasiyalarda və uşaqların təhlükə altında olduğu işlərdə bu tətbiqdən istifadə mümkündür. Belə hallarda xüsusi təhlükə siqnalı sistemi tətbiq edilə bilər. Müasir dünyada artıq bəzi ölkələr yalnız “SOS” düyməsi ilə kifayətlənmirlər. Elektron qolbaq, yaxınlaşma xəbərdarlığı, geolokasiya siqnalları və rəqəmsal mühafizə orderi kimi modellər də tətbiq olunur. Yəni dövlət yalnız cinayət baş verdikdən sonra yox, təhlükə ehtimalı yarananda da müdaxilə etməyə çalışır.Amma məsələnin başqa tərəfi də var. Belə sistemlər şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması ilə bağlı ciddi hüquqi suallar yaradır. Təhlükəsizlik məqsədilə yaradılan mexanizm sonradan nəzarət alətinə çevrilməməlidir. Ona görə də belə sistem qurularsa məlumatlara çıxış ciddi məhdudlaşdırılması, geolokasiya yalnız risk hallarında aktivləşdirilməli, məlumat bazasına nəzarət mexanizmi şəffaf olmalı və istifadənin hüquqi çərçivəsi aydın müəyyən edilməlidir”.
Əliməmməd Nuriyev qeyd edib ki, əslində əsas məsələ “SOS” düyməsinin olub-olmaması deyil: “Məsələ təhlükə siqnalı daxil olduğu anda dövlət sisteminin nə qədər operativ, koordinasiyalı və peşəkar reaksiya verə bilməsidir. Çünki bəzi hallarda bir neçə dəqiqəlik gecikmə artıq hüquqi məsələ yox, insan həyatı məsələsinə çevrilir. Məncə, Azərbaycan üçün ən real model ayrıca yeni tətbiq yaratmaqdan daha çox, mövcud “102” və elektron hökumət sisteminə inteqrasiya edilmiş xüsusi təhlükə modulunun qurulması ola bilər. Bu həm daha praktik görünür, həm də operativ koordinasiyanı asanlaşdırır.Çünki müasir dövrdə dövlətin gücü yalnız cinayəti açmaq qabiliyyəti ilə yox, təhlükəni vaxtında görmək və qarşısını almaq bacarığı ilə də ölçülür”.
E.Məmmədəliyev,
Musavat.com