EN

BDU da yeni layihə

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsi həyata keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, fakültənin elmi işlər üzrə dekan müavini Qalib Qafarlı belə təşəbbüslərin gənclərin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. Bildirib ki, “Diplomatın nitqi” kimi layihələr tələbələrin analitik düşünmə qabiliyyətini inkişaf etdirir, onların beynəlxalq münasibətlər sistemində baş verən proseslərə daha dərindən yanaşmasına şərait yaradır. O, xüsusilə müasir dövrdə diplomatik ünsiyyətin düzgün qurulmasının vacibliyindən söz açaraq, bu kimi strateji bacarıqların dövlətlərin mövqeyinin beynəlxalq arenada effektiv şəkildə təqdim olunmasında həlledici amillərdən biri olduğunu deyib.

BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Vəliyulla Cəfərov diplomat nitqinin mahiyyəti və onun formalaşma prinsipləri barədə məlumat verib. O bildirib ki, diplomatik nitq yalnız rəsmi çıxış və ya ünsiyyət forması deyil, eyni zamanda, dövlətlərin xarici siyasət prioritetlərini ifadə edən incə və strateji vasitədir. Diplomatın nitqi həm məzmun, həm də üslub baxımından yüksək dəqiqlik tələb edir və burada hər bir ifadə beynəlxalq münasibətlərdə konkret nəticələrə təsir göstərə bilər. Vətən müharibəsinə qədər, müharibə zamanı və postmüharibə mərhələsində Azərbaycanın apardığı diplomatik danışıqlarda düzgün və ölçülüb-biçilmiş nitqin rolu xüsusilə aydın şəkildə özünü göstərib: “Bu proseslər göstərdi ki, diplomatik nitq yalnız informasiya ötürmək vasitəsi deyil, həm də milli maraqların müdafiəsində və beynəlxalq ictimai rəydə mövqenin formalaşdırılmasında mühüm strateji alətdir”.

Qarabağ Universitetinin baş müəllimi Nahidə Həsənova tələbələri ilə birlikdə bu layihədə iştirak etdiyini və belə təşəbbüslərin beynəlxalq münasibətlər sistemini öyrənən tələbələr üçün zəngin təcrübə mənbəyi olduğunu qeyd edib, təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra təlim sessiyası başlayıb. Təlimçilər Hüseyn Bağırov, Bahar Hüseyn, Eldar Zəfərov və Aytən Qurbanova diplomatiyada nitq mədəniyyəti və peşəkar ünsiyyət mövzularında çıxış ediblər. Təlim zamanı iştirakçılara natiqliyin əsasları, çıxışın düzgün strukturlaşdırılması, fikrin aydın və ardıcıl ifadə olunması, auditoriya ilə effektiv kommunikasiya qurulması barədə geniş məlumat verilib. Diplomatiyada bədən dilinin rolu xüsusi vurğulanaraq jest, mimika və davranış mədəniyyətinin diplomatik mesajın təsir gücünü artırdığı qeyd olunub. Təlimçilər “diplomatiyada sözün gücü” mövzusuna da toxunaraq, ölçülü və balanslı ifadə tərzinin beynəlxalq münasibətlərdə yanlış anlaşılmaların qarşısını aldığını bildiriblər. Diplomatik çıxışlarda rast gəlinən əsas səhvlər – emosional ifrat, qeyri-dəqiq ifadələr və struktur pozuntuları barədə ətraflı izahlar verilib və onların praktik nəticələri nümunələrlə izah olunub.

Sessiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb və diplomatiya sahəsində inkişaf imkanları müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
525.az

2Sources