EN

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.

Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.

Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 149-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2025-ci il noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı söyləyib.

Çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin noyabrından 2026-cı ilin yanvar ayınadək olan dövrü əhatə edir.

Bu nəşrə Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfərinə, Prezident Şavkat Mirziyoyev ilə görüşünə, İslam Sivilizasiyası Mərkəzi ilə tanışlığına, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakına dair materiallar daxil edilib. Yeni kitabda Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsinin mətni də verilib.

Azərbaycan Prezidentinin Slovakiyaya, Birləşmiş Ərəb Əmirliklərinə səfərləri haqqında informasiyalar da bu cilddə yer alıb.

Oxucular yeni kitabda Prezident İlham Əliyevin ötən ilin noyabr ayında NATO-nun nümayəndə heyətini, bu ilin yanvar ayında ABŞ nümayəndə heyətini qəbul etməsi haqqında informasiyalarla da tanış ola bilərlər.

Azərbaycan Prezidenti ötən il Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda çıxış edib. Bütün bunlar haqqında materiallar 149-cu kitabda toplanıb.

Dövlətimizin başçısı ötən ilin dekabrında Qarabağ bölgəsinə səfər edib, Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimində, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib, Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb, Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub. Prezident Qarabağa səfəri zamanı Xankəndi şəhərində Zəfər parkının açılış mərasimində, Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.

Oxucular bu kitabda Azərbaycan Prezidentinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçılarına müraciətləri ilə də tanış ola bilərlər. Kitaba Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətinin, Milad bayramı münasibətilə Azərbaycanın Pravoslav xristian icmasına təbrikinin mətnləri də daxil edilib.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

3Sources