YouTube süni intellekt əsaslı manipulyasiya edilmiş məzmunlara qarşı yeni təhlükəsizlik funksiyasını genişləndirib. Platforma artıq üz tanıma texnologiyasını 18 yaşdan yuxarı bütün istifadəçilər üçün əlçatan edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni sistem istifadəçilərə öz rəqəmsal kimliklərini qorumaq imkanı yaradır. Funksiyanı aktivləşdirən şəxslər üz cizgilərini “selfie” vasitəsilə sistemə təqdim edir və süni intellekt bu məlumatlar əsasında platformadakı videoları skan edir.
Əgər istifadəçinin üzünə bənzər və ya onun icazəsi olmadan yaradılmış “deepfake” məzmun aşkarlanarsa, sistem dərhal xəbərdarlıq göndərir. İstifadəçilər isə həmin videoların silinməsini tələb edə bilirlər.
YouTube bildirir ki, daxil olan şikayətlər xüsusi yoxlama prosesindən keçir. Bu zaman videonun nə dərəcədə real göründüyü, süni intellektlə yaradıldığı barədə açıqlama olub-olmaması və şəxsin tanına bilən olub-olmaması qiymətləndirilir. Qaydalara zidd hesab edilən məzmunlar platformadan silinir.
Bu addım son dövrlərdə sürətlə yayılan süni intellekt əsaslı saxta videolar və rəqəmsal şəxsiyyət oğurluğuna qarşı mübarizə çərçivəsində atılıb.
Piranə Xasiyeva