EN

WUF13 həm də Azərbaycanın gələcək inkişaf modeli haqqında mesajdır

“BMT-nin iqlim konfransı olan COP29-un və Dünya Şəhərsalma Forumunun (World Urban Forum-WUF13) Azərbaycanda keçirilməsi təsadüfi seçim deyil”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlərin keçirilməsi yüksək təşkilati bacarıqlara malik, təhlükəsizlik, logistika, kommunikasiya və beynəlxalq əməkdaşlıq baxımından etibarlı hesab olunan ölkələrə həvalə edilir:

“Azərbaycanın beynəlxalq miqyaslı bu tip  tədbirlərə ardıcıl şəkildə ev sahibliyi etməsi ölkəmizin həm diplomatik, həm iqtisadi, həm də kommunikasiya imkanlarının genişləndiyini göstərir. Müasir dövrdə dövlətlərin nüfuzu təkcə iqtisadi və hərbi göstəricilərlə deyil, həm də onların “qlobal dialoq platforması” kimi çıxış etmək imkanları ilə ölçülür. Azərbaycan son illərdə məhz bu istiqamətdə özünü etibarlı tərəfdaş kimi təqdim etməyə çalışır”.

Müsahibimizə görə, COP29 və WUF13 kimi tədbirlər vasitəsilə ölkə dünyaya göstərir ki, o, regional problemlərlə yanaşı, qlobal çağırışların müzakirəsində də fəal iştirak etməyə hazırdır:

“Bu kontekstdə yanaşsaq deyə bilərik ki, qeyd edilən tədbirlər Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm elementinə çevrilir. Minlərlə xarici nümayəndənin, siyasətçinin, ekspertin, jurnalistin və beynəlxalq təşkilat rəhbərlərinin Bakıya gəlməsi ölkəmizin beynəlxalq ictimai rəydə müsbət imicinin formalaşmasına ciddi təsir göstərir. Xarici qonaqlar Azərbaycanın infrastrukturu, təhlükəsizlik mühiti, müasir şəhərsalma imkanları və mədəni müxtəlifliyi ilə yaxından tanış olurlar. Bu isə illərlə formalaşdırılan stereotiplərin dəyişməsinə və ölkə haqqında daha obyektiv təsəvvürün yaranmasına kömək edir”.

Müşfiq Ələsgərli: COP29, WUF13 Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm elementinə çevrilir

M.Ələsgərli əlavə edib ki, WUF13 yalnız texniki və şəhərsalma tədbiri deyil, həm də ölkənin gələcək inkişaf modeli haqqında mesajdır:

“Azərbaycan bu platforma vasitəsilə “yaşıl enerji”, “ağıllı şəhər”, post-münaqişə dövründə yenidənqurma və dayanıqlı inkişaf sahələrində həyata keçirdiyi layihələri beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazanır”.

Dediyinə görə, digər mühüm məqam isə iqtisadi və investisiya aspektidir. Qlobal tədbirlər ölkəyə böyük maliyyə axını, turizm gəlirləri və yeni biznes əlaqələri gətirir. Otellər, nəqliyyat sektoru, xidmət sahələri və media infrastrukturu aktivləşir:

“Eyni zamanda, beynəlxalq investorlar üçün ölkənin sabit və açıq biznes mühiti nümayiş etdirilir. Bu baxımdan, belə tədbirlər yalnız siyasi nüfuz deyil, həm də uzunmüddətli iqtisadi dividendlər yaradır. Yəni, COP29 və WUF13 kimi tədbirlər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən, ölkənin nüfuzunu artıran və onu qlobal əməkdaşlıq məkanında daha qabarıq şəkildə göstərən strateji platformalardır”.

Aydın Baxış

Chosen
32
bakivaxti.az

1Sources