Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub.
“Hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu müddət ərzində təhlükəsizlik məqsədilə Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb, avtomobillər isə alternativ marşrut üzrə istiqamətləndirilib. Alternativ yol üzrə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili üçün aidiyyəti dövlət qurumları gücləndirilmiş rejimdə fəaliyyət göstərir, əraziyə davamlı nəzarət təmin olunur”,- məlumatda qeyd edilib.