EN

Azərbaycan WUF13 vasitəsilə qlobal urbanizasiya prosesinə töhfəsini vermiş olur



Azərbaycan daha bir beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir. Bakıda öz işinə başlayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bir sıra müsbət məqamları ilə tarix yazır. Hər şeydən əvvəl, iştirakçı sayına görə Bakı Forumu əvvəlkilərdən fərqlənir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, WUF13-ə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstərici deməkdir. Ən son 2024-cü ildə Misirdə keçirilən WUF12-də iştirakçı sayı cəmi 25 min nəfər olmuşdu. WUF13-ə olan maraq və iştirakçı sayının rekord səviyyəyə çatması sırf Azərbaycan amili ilə bağlıdır. Çünki Bakı mühüm beynəlxalq tədbirlərə ən yüksək səviyyədə təşkilatçılıq edərək onları uğurla reallaşdırır. Bundan əvvəl keçirilən COP29 timsalında bunu aydın görmək mümkün idi. Digər tərəfdən, ölkədə mövcud olan sabitlik və təhlükəsizlik, eyni zamanda Bakının irəli sürdüyü təşəbbüslərin təkcə regional deyil, həm də qlobal xarakter daşıması Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə marağın artmasını şərtləndirən amillərdəndir.

Ümumdünya Şəhərsalma Forumu bizə qədim tariximizin, mədəniyyətimizin, milli adət-ənənələrimizin təbliği və bir daha dünyaya tanıdılması üçün yeni imkanlar yaratmış olur. Dövlət başçısının dediyi kimi, Azərbaycan Avropa ilə Asiya arasında yerləşən, Şərqlə Qərbin qovuşduğu məkan olaraq zəngin tarixə malikdir. Forum müddətində İçərişəhərin qədim qala divarlarına və oradakı digər tarixi abidələrə səyahət edən sessiya iştirakçıları Azərbaycanın nə dərəcədə zəngin tarixə, eləcə də qədim memarlıq ənənələrinə malik olduğunu görəcəklər. Bu isə WUF13 vasitəsilə Azərbaycan memarlığının və qədim tarixinin dünyaya tanıdılması deməkdir.

Cari ilin Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də forum iştirakçılarında Azərbaycanın və onun rəhbərliyinin bu sahəyə nə qədər strateji yanaşdığı qənaətini bir daha formalaşdırmış olacaq. Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində, daha doğrusu, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumu keçirilib. Cənab Prezidentin dediyi kimi, bu gün qlobal toplantını təşkil edərək biz şəhərsalmaya, onun inkişafına, insanların həyatının yaxşılaşdırılması gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün zəruri şəraitlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk.

Ümumdünya Şəhərsalma Forumu həm də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və abadlıq işlərinin, “Böyük Qayıdış” proqramının icrası istiqamətində görülən işlərin təqdimatı və onların beynəlxalq aləmə çatdırılması baxımından da əhəmiyyətlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev forumdakı çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayıraraq bildirdi ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlət başçısı diqqətə çatdırdı ki, bu ərazi 30 il müddətində erməni işğalı altında olub və tamamilə dağıdılaraq məhv edilib:

“Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdi və o, Xirosimadan fərqli olaraq atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdi. Bu, 30 illik işğal ərzində edilmişdi və bu zaman binalar, tarixi binalar, ictimai tikililər və evlər tamamilə sökülərək dağıdılmışdı”.

İndi isə Ağdam başda olmaqla işğaldan azad edilən ərazilərimiz yenidən qurulur, ora yeni həyat gəlir. Prezidentin dediyi kimi, ərazilərimizin işğaldan azad edilməsindən keçən 5 il ərzində çəkilən tunellərin uzunluğu 70 kilometrə çatıb. Digər beş tunel də tikiləcək. 500 körpüdən 435-i artıq inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində həyata keçirilib.

Ümumilikdə götürdükdə, Ümumdünya Şəhərsalma Forumu təkcə hansısa beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə tarixdə qalmayacaq, həm də Azərbaycanın keçmişi ilə bu günü, tarixi ilə müasirliyi, ən əsası isə qurucu və yaradıcı dövlət kimi təqdimatı baxımından əhəmiyyətli olacaq. Ən əsası isə Bakı sülh və təhlükəsizlik, enerji təminatı və dialoqla yanaşı, qlobal urbanizasiya prosesinə də töhfə vermiş olacaq.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Chosen
55
3
newscenter.az

4Sources