Bakı, 19 may, AZƏRTAC
Müasir dünyada nəqliyyat dəhlizləri, enerji şəbəkələri və rəqəmsal infrastruktur regionların iqtisadi coğrafiyasını yenidən formalaşdırır. Lakin bu proses inklüziv inkişaf və sosial baxışla müşayiət olunmasa, bərabərsizliklərin daha da dərinləşməsi riski yaranır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, hazırda mallar qitələr arasında günlərlə, məlumatlar isə millisaniyələr ərzində hərəkət edir və yeni nəqliyyat dəhlizləri bütöv regionları dəyişdirir. “Dünya heç vaxt indiki qədər əlaqəli olmayıb. Lakin, eyni zamanda, dünya ehtiyac duyduğundan daha qeyri-bərabər olaraq qalır. Təxminən 2,8 milyard insan təhlükəsiz və adekvat mənzilə çıxış imkanından məhrumdur, milyonlarla insan isə münaqişə və iqlim dəyişiklikləri səbəbindən məcburi köçkün vəziyyətinə düşüb. Əlaqəlilik inklüziv yanaşma ilə müşayiət olunmadıqda yalnız məhdud qrupların faydalandığı infrastruktura çevrilə bilər. Bağlantılar sosial-iqtisadi yanaşma ilə dəstəklənməlidir. Əks halda, bu, yalnız az sayda insanın faydalandığı sürətli infrastruktura çevriləcək”, – deyə Rossbax bildirib.