Azərbaycan bir daha bütün dünyanın diqqətini özünə çəkə bildi. Hazırda Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə çoxsaylı ölkələr, eləcə də xarici qonaqlar tərəfindən Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunmaqdadır. Dövlətimiz COP29-un ardından WUF13-ü də möhtəşəm keçirməklə bir daha dünyada özünün yerini müəyyən etmiş oldu.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında nüfuzlu beynəlxalq tədbirin bu səviyyədə təşkil olunmasının əvvəlcədən gözlənildiyini qeyd edib:
“Azərbaycan ilk dəfə deyil ki, bu qədər irimiqyaslı tədbirlərdən birinə ev sahibliyi edir. Bundan öncə də bir neçə tədbirin, xüsusilə COP29-un Azərbaycanda keçirilməsi, habelə Azərbaycanın təşkilati məsələləri olduqca yüksək səviyyədə qurması ondan xəbər verir ki, bu istiqamətdə həm təcrübəmiz var, həm də beynəlxalq birliyi də narahat edən məsələlərlə bağlı diqqəti ölkəmizə çəkməyi bacarmışıq. Bu, hərtərəfli siyasət deməkdir. Ölkəmizə gələn dövlət və hökumət başçıları, QHT rəhbərləri, eləcə də bu sahə üzrə fəaliyyət göstərən ekspertlər, xidmətləri olan özəl sektor nümayəndələri Azərbaycanın göstərmiş olduğu yanaşmanı, tədbirin keçirilməsini olduqca yüksək dəyərləndirirlər. Bu platformalar geniş fikir və təcrübə mübadiləsinin aparılması baxımından olduqca böyük imkanlar təqdim edir. Təbii ki, şəhərsalma mədəniyyəti hər bir xalqın həm də mədəni irsinin təzahürü olaraq görülməlidir. Azərbaycan qədim dövlətçilik ənənələrinə malik bir xalq kimi, həm də şəhərsalma mədəniyyəti ilə dünyada fərqlənən xalqlardan biridir. Cənab Prezident İlham Əliyevin açılış nitqində də söylədiyi kimi, biz Bakının bir küçəsində qədimiliyin təzahürünü görürüksə, digər bir küçədə isə Azərbaycan müasir tikililərlə müasir dünya arxitekturasında öz dəst-xəttini formalaşdırmağı bacarıb”.

Deputat vurğulayıb ki, COP29-dan sonra WUF13-ə də uğurla ev sahibliyi etməyimiz Azərbaycanın beynəlxalq müstəvidə artan rolundan xəbər verir:
“Azərbaycan bir çox məsələlərdə təşəbbüskar ölkə kimi çıxış edir. Müzakirə edilən amillərdən hər biri beynəlxalq aləmi narahat edən məsələlərdir. Lakin önəmli amillərdən biri ondan ibarətdir ki, dünyamız etibarlı tərəfdaş axtarışındadır. Bu baxımdan Azərbaycan həmin bu boşluğu doldurmağı uğurla bacarır. Qlobal miqyasda strateji əhəmiyyət daşıyan məsələləri platformalar təqdim edərək gündəmə gətiririk. Bu problemlərin həllində konkret və əməli addımlar atırıq. Dayanıqlı inkişaf, urbanizasiya, iqlim dəyişiklikləri, sosial inklüzivlik məsələləri Azərbaycan dövlətinin həssas yanaşdığı məsələlərdir”.
Azər Badamovun sözlərinə görə, bu tədbirə dünyanın müxtəlif regionlarından siyasi liderlərin gəlməsi, nüfuzlu ekspertlərin öz fikirlərini bölüşməsi ondan xəbər verir ki, Azərbaycan innovativ yanaşmalar üçün platforma təqdim edir:
“Həmin bu tədbir zamanı ortaq təşəbbüslərin formalaşması əsas məqsədlərdən biridir ki, çoxahəngli dünyada müxtəlif çıxış yolları tapılsın. Düşünürəm ki, 182 ölkədən 42 mindən artıq qonağın iştirak etməsi əlavə izaha ehtiyacı olmayan statistik göstəricidir. WUF13 beynəlxalq dialoq və əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir daha qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərirsə, digər tərəfdən milli mədəni irsin qorunması istiqamətində də nümunəvi fəaliyyət ortaya qoyur.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhərsalma məsələlərini hər zaman diqqət mərkəzində saxlaması həm xalq tərəfindən yüksək qiymətləndirilir, həm də beynəlxalq aləmdə xüsusi hörmət və rəğbətlə qarşılanır. Ölkəmizin müxtəlif regionlarında abadlıq, infrastruktur və yenidənqurma işləri həyata keçirilir. Təbii ki, bunların başında gələn məsələ işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı layihələrin həyata keçirilməsidir ki, Azərbaycanın yenidənqurma təcrübəsindən müxtəlif dövlətlər və regionlar yararlanırlar. Bu istiqamətdə Azərbaycanın uğurunu təmin edən əsas məsələlərdən biri odur ki, Azərbaycan öz təcrübəsini bölüşmək üçün açıqdır. Dağıdılmış şəhərlərdə, kəndlərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyalarının tətbiq edilməsi ondan xəbər verir ki, Azərbaycan öz doğma yurd-yuvasını qurur, dirçəldir və məhz bu amilin özü də torpağın kimə məxsus olduğunu bir daha sübut edir. 19-cu əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesi yeni bir mərhələyə qədəm qoyub. Lakin illər ərzində Azərbaycanın bütün mərhələlərdə əsas diqqət yetirdiyi məqamlardan biri ondan ibarətdir ki, böyük şəhərlərimizdən heç bir halda mədəni irsimiz silinməsin. Əksinə, həmin bu dəyərlərimiz, milli kimliyimiz, tarixi yaddaşımız, dövlətçilik ənənəmiz qorunaraq gələcək nəsillərə ötürülsün”.
Cavanşir ABBASLI
Musavat.com