EN

Azərbaycan-Gürcüstan əlaqələrində YENİ səhifə - Bakıda imzalanan o sənədlər... 

Xəbər verdiyimiz kimi, mayın 18-də Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünike imzalanıb. Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində iki ölkə iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər.

İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq bağlanacaq müqavilələrin əsas kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzalayıblar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a şərhində bildirib ki, Birgə Kommünike Azərbaycan-Gürcüstan münasibətlərində, iqtisadi əlaqələrin inkişafında yeni yüksəliş mərhələsini başladacaq: “Prezident İlham Əliyevin cari ilin 6 aprelində Gürcüstana dövlət səfəri iki ölkələrin əlaqələrinin inkişafına yeni bir təkan rolunu oynayıb. Prosesin davamı olaraq Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünike imzalandı.

Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuat üçün açıqlamasında bildirmişdi ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr hər il artır, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olub və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksək olub. Cənab İlham Əliyev qeyd etmişdi ki, belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. İmzalanan Birgə Kommünikə və bundan irəli gələn imzalanan sənədlər qarşıya qoyulan 1 milyard rəqəmi hədəfinə çatacağımıza əminlik yaradır.

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin, o cümlədən Gürcüstanın enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir.

Azərbaycanın apardığı siyasətin ana xətti bölgədə sülh və təhlükəsizliyə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etməkdir. Bu unikal siyasətin Gürcüstan və digər bölgə dövlətləri tərəfindən dəstəklənməsi hədəf və məqsədlərə çatmağa geniş imkanlar yaradır. Bu baxımdan hazırda Cənubi Qafqaz dünyada ən sabit, təhlükəsiz region olaraq qəbul edilir”.

Deputat qeyd edib ki, uzun illərdir Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan müstəsna, əvəzsiz rol oynayır: “Bunu rəsmi Tiflis dəfələrlə bəyan edib və Azərbaycana təşəkkürlərini ifadə eləyib. Dünyada enerji böhranı yaşandığı bir dövrdə Gürcüstanda stabil vəziyyət hökm sürür. Gürcü ekspertlər və rəsmilər də bunu xüsusi vurğulayır ki, Gürcüstanın dünyadakı enerji kataklizmlərindən təsirlənməməsi Azərbaycanla enerji əlaqələrindən irəli gəlir.

Bu əlaqələr və əməkdaşlıq olmasaydı və ya zəif olsaydı, Gürcüstan çox ciddi problemlərə üz-üzə qalardı. Həyata keçirilən layihələr yalnız iki ölkə üçün yox, bütövlükdə region və Avropa ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi qlobal əhəmiyyətli layihələr iki ölkənin, eləcə də qardaş Türkiyənin strateji tərəfdaşlığa sadiqliyinin təsdiqidir. Azərbaycan Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayələr qoyuluşunu həyata keçirir. Hazırda Azərbaycandan Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 3,7 milyard dollar təşkil edir. Ölkəmiz Gürcüstanın Kulevi neft terminalının inşasına göstərdiyi sərmayə qoyuluşu önəmli layihə hesab olunur. Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı və limanı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilib”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
45
musavat.com

1Sources