EN

Formal tur ərəfəsində Avropa arzuları

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasındakı mübarizənin başa çatmasına bir tur qalsa da, həm Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların adlarına aydınlıq gəlib, həm "Karvan-Yevlax"ın elitadan düşəcəyi, həm də "Qəbələ"nin pley-offda oynayacağı dəqiqləşib.

Bu mövsüm UEFA Çempionlar Liqasında fırtına kimi əsən, "Benfika"nı səfərdə (3:2), "Ayntraxt" (3:2) və "Kopenhagen"i (2:0) Bakıda yenən, dünya "div"i "Çelsi" ilə Tofiq Bəhramov adına Respublika stadionunda məhsuldar bərabərliyə razılaşan (2:2) "Qarabağ"ın çempion ola bilməməsi, şübhəsiz, gözlənilməz nəticədir. Qurban Qurbanovun çalışdırdığı kollektiv qitənin ən nüfuzlu klub turnirində mübarizə aparmağın nə demək olduğunu yerli futbol ictimaiyyətinə əyanl şəkildə göstərdi. Yəni kluba böyük məbləğdə qazanc gətirən, azarkeşləri qürurlandıran nəticələrin fəsadları da üzə çıxdı. ÇL-də parlayan əksər futbolçulara xarici klublardan gələn cazibədar təkliflər vəziyyəti mürəkkəbləşdirdisə, həm bir neçə cəbhədə vuruşmaqdan qaynaqlanan fiziki yorğunluq da MPL-də ağlagəlməz məğlubiyyətlərə yol açdı. 

"Qarabağ"ın çox ağır oyun qrafikindən faydalanan "Sabah"ın tarixinin ilk çempionluğuna qovuşması çempionatda rəqabətin artması anlamındadır. İndi "bayquşlar" ardını gətirməli, litvalı mütəxəssis Valdas Dambrauskas maliyyə sıxıntısı olmayan Masazır təmsilçisi ilə ÇL-də fiaskoya uğramamalıdır. Bu yöndə nəyin necə olacağını zaman göstərəcək. İndilik ən yaxşısına ümid edək.   

Rəşad Sadıqovun komandasının - "Zirə"nin avrokuboklara gedə bilməməsini heyətlə əlaqələndirmək lazımdır. Heyət ötənmövsümkü deyildi. Rafael Utziqli, Salifu Sumalı "Zirə" indikindən təbii ki, daha təhlükəli, daha effektliydi. Səbəbini dəqiq deyə bilmərəm, amma görünən budur ki, ötən yay gətirilən "materiallar" səviyyənin artmasına bəs etməyib. Ədalət naminə qəsəbə komandasının mövsümün gedişində üzləşdiyi zədə epidemiyasını da unutmamalıyıq. Bütün hallarda, Azərbaycan Kubokunun finalına yüksələrək "Sabah"a uduzmaq (1:2), sona 1 tur qalmışadək avrokuboklara vəsiqə şansını əldən verməmək də "Zirə" adına faciə sayılmır. 

Əslində, heç "Turan Tovuz"un heyəti də o deyil. Amma Kurban Berdiyev iş gördü. Ehtiyatlı və o qədər də baxımlı olmayan oyun üslubu ilə nəticə verdi. Səkkizinci onluğu xərcləyən türkmən mütəxəssisin futbola öz baxışı var. İllər öncə onun oyun intizamı fəlsəfəsi "Rubin"lə "Barselona"nı "Kamp Nou"da yenməyə də bəs edib. Bir məqam dəqiqdir ki, hər epizodda sonadək mübarizə aparmayan oyunçu ağsaqqalın komandasında ola bilməz. Razılaşaq ki, bu mövsüm Berdiyevli qərb təmsilçisi rəhbərliyin canfəşanlığı fonunda mümkün olanın ən yaxşısını etdi. Başqa kim çempionluğu fırtına kimi əsən "Sabah"dan, 2-ci pilləni də uzun fasilədən sonra titulsuz qalan "Qarabağ"dan ala bilərdi ki? Məsələn, hansı məşqçi və hansı komanda? Tovuz camiəsinə həqiqətən bravolar. 

"Neftçi"nin əsas problemi isə elə Samir Abasovun postundan göndərilməsi ilə aradan qaldırılıb. Ukraynalı mütəxəssis Yuri Vernidub nə komandanın gələn Novruzdan sonra "relsə düşəcəyi"ni deyir, nə də sistemi "otuzdurmaq" üçün bir-iki il vaxt lazım olduğunu... Heç mətbuat konfranslarında qeyri-ciddi atmacalara da ehtiyac duymur. El diliylə desək, başını aşağı salıb işini görür. Abasov dönəmində heyətə cəlb edilən bəzi futbolçuları daha keyfiyyətliləri ilə əvəzləyə bilsə, flaqmanın Konfrans Liqasında da dirçəldiyini isbatlaması mümkündür. Bacaracaqmı? Suala yalnız yayda cavab tapacağıq.

Sadalanan məqamlar yeni mövsümlə bağlı ürəklərdə yeni ümidlər cücərdir. Bir məqam dəqiqdir ki, bu gedişlə növbəti "futbol ili"ndə medallar uğrunda rəqabət daha amansız olacaq. 

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
fanat.az

2Sources