EN

London Forumlarında iştirak edənlər, Bakıda distant təhsilə qadağa qoyurlar

Hazırda Londonda  "Dünya Təhsil Forumu" ( "Education World Forum" )  keçirilir. Dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri, təhsil siyasəti ekspertləri, universitet rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri bu forumda bir araya gəlirlər. Forumun əsas müzakirə mövzuları arasında rəqəmsal transformasiya, süni intellekt, hibrid təhsil modelləri, distant təhsil, ömürboyu öyrənmə və gələcəyin universitetləri dayanır.
Azərbaycanın Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti də həmin tədbirdə iştirak edir. Problem  tədbirdə iştirak etmək deyil, məsələ budur ki, forumda müzakirə olunan ideyalarla Azərbaycandakı real təhsil siyasəti arasında kəskin ziddiyyət mövcuddur.  Çünki dünyanın artıq normal qəbul etdiyi distant təhsil modeli Azərbaycanda hələ də şübhəli, təhlükəli və "arzuolunmaz" bir sahə kimi təqdim edilir.
Dünya XXI əsrə keçdi, biz hələ distant təhsil qurmamışıq. 
Son 25 ildə dünya ali təhsilində ən böyük dəyişikliklərdən biri distant və rəqəmsal təhsilin inkişafı oldu.  Bu gün Harvard Universiteti, MİT, London Açıq Universiteti  kimi universitetlər distant təhsili yalnız əlavə forma kimi deyil, strateji inkişaf modeli kimi tətbiq edirlər.   Dünyada artıq sual  "distant təhsil bizə lazımdırmı?" deyil. Məsələ distant təhsilin keyfiyyəti, SI inteqrasiyası, virtual laboratoriyalar, fərdiləşdirilmiş öyrənmə, mikrosertifikatlar, rəqəmsal universitet ekosistemidir.
Azərbaycanda isə hələ də  "Distant təhsil diplomunu  tanıyaq, ya tanımayaq?" sualı 20 ildir gündəmdir, müzakirə mövzusudur.   Bu yanaşma  ölkədə insan kapitalının inkişafına vurulan  böyük  zərbələrdən biridir.   Bu, sadəcə texnoloji gerilik deyil, bu təhsil idarəetməsində düşüncə böhranıdır.
 "Sərhədi keçməmisiniz" - XXI əsrin ən qəribə təhsil arqumentlərindən biridir.  Azərbaycanda distant təhsil alan şəxslərə uzun illərdir deyilib ki,  "Siz ölkənin sərhədini keçməmisiniz."   Bu yanaşma mahiyyət etibarilə göstərir ki, bizim  idarəetmə strukturları üçün təhsil hələ də fiziki məkanla ölçülür. Halbuki müasir dünyada  universitet kampusu artıq yalnız bina deyil,  təhsil artıq auditoriya ilə məhdudlaşmır,  bilik sərhəd tanımır.  Əgər tələbə beynəlxalq akkreditasiyalı proqramda oxuyursa, imtahan verirsə, akademik nəticə göstərirsə, diplomu dünyada tanınırsa, onda onun fiziki olaraq hansısa  sərhəddən keçib-keçməməsi təhsilin keyfiyyət göstəricisi deyil.  Əks halda sabah süni intellekt əsaslı virtual universitetlər meydana çıxanda biz yenə "pasport möhürü" müzakirə edəcəyik?
Problem distant təhsil deyil, səriştəsizlik və nəzarətsiz,  köhnə sistemin qorxularıdır
Əslində Azərbaycanda distant təhsilə qarşı müqavimətin arxasında başqa səbəblər dayanır.  Çünki,  distant təhsil klassik bürokratik idarəetməni zəiflədir, nəzarət mexanizmlərini dəyişir, universitetlərin monopoliya imkanlarını azaldır, rəqabəti artırır, tələbəyə seçim azadlığı verir.  Bu isə köhnə idarəetmə modelini sarsıdır.
Ən paradoksal məqam budur ki, COVID dövründə bütün dünya kimi Azərbaycan universitetləri də məcburən onlayn təhsilə keçdi. Deməli, texniki baxımdan distant təhsil mümkündür. Problem texnologiya deyil. Problemsəhv  idarəetmə fəlsəfəsidir.
Beynəlxalq forumlar turizm tədbirinə çevriləndə
Beynəlxalq forumlarda iştirak normal və vacibdir. Təhsil sistemi qapalı qala bilməz. Lakin bu səfərlərin real nəticəsi nədir?  Son illərdə neçə yeni rəqəmsal universitet modeli yaradıldı? Neçə universitet tam LMS sisteminə keçdi?  Neçə virtual laboratoriya quruldu?  Neçə beynəlxalq distant proqram tanındı?  Neçə universitet AI əsaslı təhsil sisteminə keçdi?    Əgər bu sualların əksəriyyətinə konkret cavab yoxdursa, onda beynəlxalq tədbirlər sadəcə protokol və görüntü funksiyası daşıyır.   Təhsil sahəsində ən təhlükəli problemlərdən biri "beynəlxalq tədbir illüziyasıdır." Yəni xaricdə forumlarda iştirak etmək real islahat görüntüsü yaradır, amma daxildə sistem dəyişmir.
Dünya artıq "açıq universitet" modelinə keçir. Gələcəyin universiteti  sərhədsiz, çevik, rəqəmsal, fərdi, SI inteqrasiyalı olacaq. Bu gün dünya  micro-kredit, həyatboyu, səriştə əsaslı, virtual mobil təhsil,  rəqəmsal kampus  modellərini müzakirə  və tətbiq edir.  Azərbaycanda isə hələ də distant diplomların tanınması problemi qalırsa, bu artıq texniki yox, strateji gerilikdir.
Deməli,  təhsil sisteminin əsas problemi texnologiya deyil,   əsas problem  köhnə idarəetmə təfəkkürü,  innovasiya  qorxusu, rəqəmsal savadsızlıq,  strateji vizion çatışmazlığıdır. Çünki müasir təhsil meneceri yalnız inzibatçı deyil, transformasiya lideri olmalıdır.  Əgər idarəedici özü rəqəmsal təhsilin mahiyyətini anlamırsa, London forumlarında iştirak etmək də formal xarakter daşıyacaq.
Distant təhsil artıq alternativ deyil - qlobal təhsil sisteminin əsas istiqamətlərindən biridir. Bu reallığı qəbul etməyən sistemlər gələcəkdə  akademik rəqabəti, insan kapitalını, beynəlxalq inteqrasiyanı, texnoloji inkişaf imkanlarını itirəcəklər.   Ən böyük təhlükə isə budur ki,  dünya gələcəyin universitetlərini qurduğu  zamanda, biz hələ keçmişin auditoriyalarını qorumağa, onu parıldatmağa, divarlarını rəngləməyə  çalışırıq.

İlham  Əhmədov

təhsil  eksperti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources