EN

WUF13 Azərbaycanın dayanıqlı inkişaf strategiyasının qlobal təntənəsidir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan növbəti dəfə möhtəşəm və strateji əhəmiyyətli qlobal platformaya ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, müasir inkişaf strategiyasının və şəhərsalma sahəsində qazandığı böyük uğurların növbəti əyani göstəricisidir. COP29-dan sonra dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan bu forumun Bakıda təşkili, paytaxtımızın qlobal idarəetmə və dayanıqlı urbanizasiya mərkəzlərindən birinə çevrildiyini təsdiq edir. Bu mötəbər forum, ilk növbədə, Azərbaycanın son illərdə həyata keçirdiyi innovativ layihələrin və inklüziv şəhər mühitinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün nadir imkan hesab edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.

K.Bayramov qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) qlobal miqyasda göstərilən maraq son dərəcə böyükdür. Bunu rəsmi olaraq qeydiyyatdan keçmiş iştirakçıların sayının rekord həddə çatması sübut edir: “Prezident İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışında bu mühüm məqama xüsusi toxunaraq bildirdi ki, artıq 182 ölkədən 45 mindən çox iştirakçı forumda qeydiyyatdan keçib. Bu heyranedici statistika təkcə forumun beynəlxalq miqyasını deyil, eyni zamanda, Azərbaycanın qlobal platforma kimi artan nüfuzunu və beynəlxalq ictimaiyyətin ölkəmizə yüksək etimadını aydın nümayiş etdirir. COP29-un uğurlu nəticələrindən dərhal sonra belə bir irimiqyaslı qeydiyyat göstəricisinin qeydə alınması, rəsmi Bakının təşkilatçılıq qabiliyyətinə qlobal inamın göstəricisidir. Bu qədər geniş coğrafiyanı və çoxsaylı nümayəndə heyətlərini əhatə edən iştirakçı tərkibi Bakının artıq dünyanın mühüm siyasi, iqtisadi və humanitar dialoq mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqləyir. Dünyanın fərqli qitələrindən gələn minlərlə ekspert, dövlət rəsmisi və urbanist Bakı platformasında qlobal şəhərsalma problemlərinə birlikdə həll yolları axtarır. Bu kontekstdə, 182 ölkənin iştirakı həm də Azərbaycanın irəli sürdüyü dayanıqlı inkişaf və yaşıl şəhər təşəbbüslərinin planetar miqyasda qəbul olunduğunun bariz sübutudur”.

Deputat, həmçinin diqqətə çatdırıb ki, əgər COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, WUF13 urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi önəm kəsb edir.

“Dövlətimizin başçısı tədbirin açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanı ilk dəfə ziyarət edən qonaqlar ölkəmizi daha yaxından tanımaq və burada şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər. Bu baxımdan da WUF13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu mühüm qlobal tribuna rolunu oynayır. Prezident İlham Əliyev tədbirin açılış mərasimində işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və orada insanların məşğulluğu məsələsinə xüsusi toxunub. Dövlət başçısının bəyan etdiyi kimi, bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə yaşayır. Bu rəqəm illərlə həsrətində olduqları yurda qovuşan insanların taleyi, dövlətin öz vətəndaşına verdiyi sözə sədaqəti və Böyük Qayıdış proqramının real, ölçüləbilən nəticəsidir.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda, tamamilə yeni inkişaf və yaşayış modeli formalaşdırır. Müasir şəhərsalma prinsipləri, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, yaşıl enerji infrastrukturu, rəqəmsal idarəetmə sistemi və sosial rifah layihələri bu bölgələri gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirməkdədir. Bu prosesdə insanların məşğulluğunun təmin olunması da hökumətin qarşısında duran əsas strateji vəzifələrdəndir. Çünki dayanıqlı qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. İnsanlar öz doğma yurdlarında işləməli, istehsal yaratmalı, iqtisadi və sosial həyata tam şəkildə inteqrasiya olunmalıdırlar. Bu məqsədlə bölgədə sürətlə yaradılan sənaye zonaları, aqrar parklar, logistika mərkəzləri və yeni iqtisadi layihələr Qarabağın və Şərqi Zəngəzurun yaxın illərdə regionun mühüm iqtisadi drayverlərindən birinə çevriləcəyini əyani şəkildə nümayiş etdirir”, - deyə o bildirib.

K.Bayramov əlavə edib ki, dövlətimizin başçısının çıxışında qlobal diqqəti postmünaqişə dövrünün ən ağrılı probleminə - ərazilərin minalardan təmizlənməsi məsələsinə yönəltməsi isə Azərbaycanın azad edilmiş torpaqlarda apardığı yenidənqurma işlərinin nə dərəcədə mürəkkəb və məsuliyyətli bir xəritə üzrə irəlilədiyini nümayiş etdirir. Təəssüf ki, Ermənistan tərəfindən otuz illik işğal dövründə basdırılmış yüz minlərlə mina bu gün də can almaqda davam edir. Bu ölümcül tələlər dinc insanların həyatı və təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalır və postmünaqişə dövrünün ən ağır humanitar fəsadlarından birini təşkil edir. Lakin bu nəhəng maneəyə baxmayaraq, Azərbaycan dövləti böyük siyasi iradə, daxili resurslar və yüksək təşkilatlanma ilə həm minatəmizləmə prosesini, həm də genişmiqyaslı quruculuq işlərini eyni vaxtda paralel və uğurlu şəkildə davam etdirir. Prezident İlham Əliyevin WUF13 platformasında ucaltdığı bu səslər və dünyaya ötürdüyü mesajlar bir daha nümayiş etdirdi ki, Azərbaycan dağıntılar üzərində nifrət deyil, inkişaf qurur, viranə qalmış torpaqlarda intiqam deyil, yeni həyat yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
11
azertag.az

10Sources