Azərbaycan da müxtəlif ekoloji çağırışlar və iqlimlə bağlı təhlükələrlə üzləşib. Şəhərlərdə iqlim təhlükələri və fəlakətlərə qarşı daha güclü və dayanıqlı infrastrukturun qurulması iqlim dayanıqlılığı üçün həyati əhəmiyyət daşıyır və bu, Erkən Xəbərdarlıq Sistemləri vasitəsilə mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
“İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin (IPCC) Altıncı Qiymətləndirmə Hesabatı şəhərlərin üzləşdiyi artan riskləri vurğulayır: daha tez-tez və daha şiddətli istilik dalğaları, daşqınlar, dəniz səviyyəsinin qalxması, su qıtlığı və infrastruktura dəyən zərərlər. İqlim təhlükələri ilə bağlı vaxtında, etibarlı və əlçatan erkən xəbərdarlıqlar insan itkilərini və infrastruktura dəyən zərərləri əhəmiyyətli dərəcədə azalda, ekoloji fəlakətlərin qarşısını ala bilər. Təhlükələrin monitorinqi və proqnozlaşdırılması seçim deyil - bunlar insan həyatını xilas edən investisiyalardır", - deyə o vurğulayıb.