EN

Bakıdan Nyu Cersiyə: ABŞ tikinti sektorunda uğur qazanan azərbaycanlı sahibkar – MÜSAHİBƏ

Xarici ölkələrdə uğur qazanan azərbaycanlı sahibkarlardan biri də Ceyhun Nəzərovdur. O, Bakıda mühəndislik və tikinti təchizatı sahəsində uzun illər fəaliyyət göstərdikdən sonra 2023-cü ildə ABŞ-a investisiya etmək qərarına gəlib.

Sahibkarlıqla yanaşı, tikinti materialları üzrə mütəxəssis Ceyhun Nəzərov Nyu Cersi ştatının Fairfield şəhərində yerləşən və WPC kompozit hasarlar və döşəmələr, alüminium və şüşə məhəccərlər, fiber sement lövhələr və yüngül polad konstruksiya sistemləri (LGS) üzrə ixtisaslaşan “Norm Supply LLC” şirkətini təsis edib.

2026-cı ilin aprel ayında onun “Investing in the U.S. Construction Market” adlı ilk kitabı Amazon və Barnes & Noble platformalarında satışa çıxıb. 

Biz də onunla ABŞ bazarındakı fəaliyyəti, vizyonu və xarici sahibkarların Amerika inşaat bazarından öyrənə biləcəyi dərslər haqqında söhbət etdik.

Ceyhun Nəzərovun Bizim.Media-ya müsahibəsini təqdim edirik:

- Əvvəla, kitabınızın yayımlanması münasibətilə sizi təbrik edirik. “Investing in the U.S.

Construction Market” kitabını yazmağa sizi nə təşviq etdi?

- Təşəkkür edirəm. Bu kitab bazarda gördüyüm real ehtiyacdan yarandı. ABŞ-da biznes qurmağa hazırlaşarkən gördüm ki, xaricdən gələn sahibkarlar və investorlar üçün praktik və əlçatan məlumat mənbələri çox azdır. Mövcud resursların əksəriyyəti ya həddindən artıq texniki, ya da çox ümumi idi. Onu deyim ki, bu kitabı ilk öncə  özüm üçün yazmışam.

Mən elə bir kitab yazmaq istəyirdim ki, istər Azərbaycandan, istər Türkiyədən, istərsə də başqa ölkələrdən olan ciddi sahibkar və investorlar ABŞ tikinti sektorunun necə işlədiyini — təchizat zəncirlərini, qaydaları, riskləri və ən əsası imkanları real şəkildə anlaya bilsinlər.

ABŞ tikinti sənayesi çox böyükdür və istifadə olunan materiallar baxımından ciddi transformasiya yaşayır. Düşündüm ki, bu prosesi aydın şəkildə izah etmək üçün kifayət qədər təcrübəm var.

- Kitabı hansı oxucu auditoriyası üçün nəzərdə tutulub?

- Tikinti və tikinti materialları sahəsində fəaliyyət göstərən və ya bu sahəyə daxil olmağı ciddi şəkildə düşünən sahibkar və investorları. Eyni zamanda memarlar, podratçılar və inşaat şirkətləri üçün də yazmışam ki, təchizat tərəfini daha yaxşı anlaya bilsinlər.

Amma açığı, ABŞ bazarının biznesini böyütmək üçün doğru yer olub-olmadığını düşünən xarici sahibkarlar məhz mənim əsas nəzərdə tutduğum oxucu idi.

- Kitab artıq Amazon və Barnes & Noble platformalarında mövcuddur. Oxucu reaksiyasını necə qiymətləndirisiniz?

- Hələ ki, kitab yeni çap olunmasına baxmayaraq reaksiyalar çox müsbətdir. Məni ən çox sevindirən məqam kitabın mənim yaxın peşəkar çevrəmdən kənara da çatmasıdır. Platformalar vasitəsilə kitabı tapan podratçılar və təchizatçılar da maraq göstərirlər.

ABŞ tikinti bazarı hətta sənaye daxilində olan insanlar tərəfindən belə tam başa düşülmür. Buna görə də kitabın faydalı töhfə verdiyini görmək mənim üçün sevindiricidir.

Mənim üçün bu həm də vacib mərhələ idi: biznes idarə etmək başqa şeydir, bilik və təcrübəni sistemləşdirib başqaları ilə paylaşmaq isə tamam başqa. Ümid edirəm ki, bu, gələcək nəşrlərin başlanğıcı olacaq.

ABŞ investisiyası və Norm Supply LLC haqqında

- Bəs, “Norm Supply LLC” şirkətini nə zaman təsis etdiniz? Nyu-Cersini seçməyinizə səbəb nə oldu?

- “Norm Supply LLC”ni 2023-cü ildə Nyu York şəhərində təsis etdim. Amma daha sonra fəaliyyətimi Fairfield, Nyu Cersi ştatında davam etdirmə qərarı verdim. Bilirsiniz, Nyu York və Nyu Cersi ştatlarını bir birindən ayıran yalnız bir çaydır, Hudson çayı.

Bu ştat ABŞ-ın ən aktiv tikinti bazarlarından birinin mərkəzində yerləşir. Nyu York və Nyu Cersi birlikdə yaşayış, kommersiya və infrastruktur layihələri baxımından çox böyük həcm təşkil edir.

Logistika infrastrukturu çox güclüdür və burada geniş podratçı şəbəkəsi mövcuddur. Tikinti materialları təchizatı şirkəti üçün ideal məkandır.

- Norm Supply hansı məhsullar üzrə ixtisaslaşıb?

- Biz əsasən yeni nəsil tikinti materialları üzrə fəaliyyət göstəririk. Bunlar müəyyən tətbiqlərdə ənənəvi ağac və beton materiallarını əvəz edən məhsullardır.

Əsas məhsul xətlərimiz WPC kompozit hasar və döşəmələr, alüminium və şüşə məhəccərlər, fiber sement lövhələr və yüngül polad konstruksiya sistemləridir.

Bu materiallar Avropa və Asiyada artıq geniş istifadə olunur və hazırda ABŞ bazarında sürətlə böyüyür.

Eyni zamanda, podratçılar və dilerlər üçün xidmət göstərən “Norm Fence” adlı ayrıca hasar brendimiz də fəaliyyət göstərir.

- ABŞ bazarına daxil olarkən qarşılaşdığınız ən böyük çətinlik nə oldu?

- Bazarın mürəkkəbliyi məni təəccübləndirdi, baxmayaraq ki, ciddi hazırlaşmışdım. ABŞ-da tikinti sektoru çox regionaldır — Nyu Cersidə işləyən yanaşma Texas üçün uyğun olmaya bilər.

Tikinti kodeksləri, podratçı vərdişləri və distribusiya kanalları ştatdan ştata ciddi şəkildə dəyişir.

Digər əsas çətinlik etibar yaratmaqdır. ABŞ-da podratçılar və inşaat şirkətləri çox peşəkar alıcılardır. Onlar istifadə etdikləri məhsulların standartlara uyğun olduğuna və təchizatçının uzunmüddətli tərəfdaş olacağına əmin olmaq istəyirlər. Bu etibarı qurmaq zaman və münasibətlərə real investisiya tələb edir.

Material innovasiyası və sənaye vizyonu

- SSRN məqalənizin adı “Material İnnovasiyası ABŞ Tikinti Sektorunda Maliyyət, Təhlükəsizlik və Performansı Necə Dəyişdirir”dir. Bu mövzu hansı aspektlərdən vacibdir?

- ABŞ tikinti sənayesi tarixən yeni materialların qəbulunda yavaş olub. Bunun səbəbləri var — tikinti kodeksləri, sığorta sistemi və podratçı vərdişləri.

Lakin nəticədə bir çox binalar hələ də daha bahalı baxım tələb edən və daha az dayanıqlı materiallarla tikilir.

Məqalədə göstərdiyim əsas məqam odur ki, hazırda real transformasiya gedir:

- WPC kompozitlər ənənəvi ağacı əvəz edir

- Fiber sement lövhələr klassik siding materiallarını əvəz edir

- Yüngül polad konstruksiya sistemləri bəzi sahələrdə ağac karkasların yerini tutur

Bu dəyişikliklər həm xərcləri optimallaşdırır, həm təhlükəsizliyi artırır, həm də uzunmüddətli performansı yaxşılaşdırır.

- Maraqlıdır, özünüzü daha çox sahibkar, yoxsa tədqiqatçı hesab edirsiniz?

- Mən bu ikisini ayrılmaz hesab edirəm. Mən ənənəvi akademik deyiləm. Mənim fəaliyyətim real bazara, tikinti meydançalarında və təchizat zəncirlərində baş verən proseslərə əsaslanır.

Amma düşünürəm ki, hər bir sahədə çalışan praktik insanların yalnız gəlir əldə etmək deyil, həm də bilik paylaşmaq məsuliyyəti var.

ABŞ tikinti materialları sənayesində istehsalçılarla podratçılar arasında körpü rolunu oynaya bilən insanlara ehtiyac var.

Mən çalışıram ki, həm biznes tərəfini, həm də ümumi sənaye tendensiyalarını anlayan və bunları aydın şəkildə izah edə bilən biri olum.

Azərbaycanlı sahibkarlara tövsiyələr

- ABŞ-da investisiya etməyi düşünən Azərbaycanlı sahibkarlara nə məsləhət verərdiniz?

- Birincisi, lokal biliklərin əhəmiyyətini heç vaxt kiçik görməmək lazım. ABŞ bazarı hazırlığı qiymətləndirir. İnvestisiya etməzdən əvvəl yalnız ümumi ABŞ bazarını deyil, daxil olmaq istədiyiniz konkret ştatı, konkret müştəri seqmentini və təchizat zəncirini öyrənin.

İkincisi, münasibətləri ehtiyac yaranmazdan əvvəl qurun. Amerikalılar etibar etdikləri insanlarla işləyirlər və etibar zamanla formalaşır.

Üçüncüsü, qaydalar və uyğunluq sisteminə qarşı səbirli olun. Sistem mürəkkəbdir, amma eyni zamanda ədalətli və proqnozlaşdırılandır.

Və ən əsası, öz ölkənizdə etdiyinizi olduğu kimi ABŞ-a köçürməyə çalışmayın. ABŞ bazarı adaptasiya tələb edir.

- Sizin karyeranızda və ümumilikdə “Norm Supply” üçün növbəti mərhələdə hədəfləriniz nədir?

- Biz coğrafi fəaliyyətimizi və məhsul çeşidimizi genişləndirməyə davam edirik. ABŞ tikinti sənayesində daha sürətli və sərfəli struktur həllərinə ehtiyac artdıqca, yüngül polad konstruksiya sistemlərində böyük potensial görürəm.

Eyni zamanda Norm Fence brendini podratçılar üçün birbaşa təchizat kanalı kimi inkişaf etdirməyə davam edirik.

Mən yazmağa və nəşrlər hazırlamağa da davam edəcəyəm. Bu kitab uzunmüddətli sənaye bilik paylaşımının başlanğıcıdır. Məqsədim Norm Supply şirkətinin yalnız təchizatçı kimi deyil, ABŞ bazarında daha yaxşı tikinti materiallarının tətbiqini sürətləndirən şirkət kimi tanınmasıdır.

- Bildiyimiz qədər, ABŞ-da tikinti sektoru üzrə mütəmadi olaraq mötəbər tədbirlər təşkil olunur. “Norm Supply LLC” Həmin sərgilərdə necə təmsil olunur?

- Şirkətimiz tikinti və tikinti materialları sektorunda beynəlxalq fəaliyyətini davam etdirərək məhsul və xidmətlərini müxtəlif ixtisaslaşmış sərgilərdə təqdim etmişdir.

“Norm Supply LLC” 2025-ci ildə “Atlantic City Fence Show” sərgisində, 2026-cı ildə keçirilən beynəlxalq “IBS Orlando 2026” sərgisində, həmçinin “Atlanta Build Expo” 2026 tədbirində iştirak edərək məhsullarını ABŞ bazarının peşəkar auditoriyasına təqdim edib.

Bu sərgilər şirkət üçün yeni tərəfdaşlıqların qurulması, distribütor şəbəkəsinin genişləndirilməsi və ABŞ tikinti sektorundakı mövqeyinin gücləndirilməsi baxımından mühüm rol oynayıb.






Surxay Atakişiyev, Bizim.Media


 

Chosen
5
1
bizim.media

2Sources