EN

Şagird bunu məktəbdə görmədiyi üçün repetitora yönəlir - Ramin Nurəliyevdən AÇIQLAMA

"Məktəblərdə şagirdlərin dərsdən yayınaraq repetitor və ya hazırlıq kurslarına üz tutması təhsil sistemində müəyyən problemlərin göstəricisi hesab oluna bilər. Bu, ilk növbədə onu göstərir ki, bəzi şagirdlər məktəbdə ali təhsil müəssisələrinə qəbul üçün lazım olan bilik və hazırlığı tam şəkildə əldə edə bilmirlər. Nəticədə isə alternativ yollar axtarırlar və bu alternativi daha çox repetitor yanında görürlər. Bu gün xüsusilə repetitor yanına istiqamətlənən şagirdlərin sayının çox olması da həmin reallığın göstəricisidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev səsləndirdi.

Onun sözlərinə görə, burada əsas səbəblərdən biri məktəblə repetitor hazırlığı arasındakı fərqdir:

"Repetitor müəllimlər əsasən hər il universitetlərə qəbul proqramına uyğun şəkildə hazırlıq keçirlər və bütün diqqəti imtahan modelinə yönəldirlər. Orta ümumtəhsil məktəblərində isə tədris proqramı illik kurikuluma əsasən qurulur və dərslər ümumi təhsil istiqamətində keçirilir. Təbii olaraq ali məktəbə qəbul imtahanına hazırlaşan şagird daha çox qəbul proqramına uyğun tədris almaq istəyir. Məktəbdə bunu tam şəkildə görmədiyi üçün repetitor və hazırlıq kurslarına yönəlir. Bu artıq müəyyən mənada formalaşmış bir reallıqdır. Nəticədə şagirdin məktəbə marağı və davamiyyəti də müəyyən qədər zəifləyir. Çünki əsas məqsəd ali təhsilə qəbul olmaq kimi formalaşır. Azərbaycanda təhsil sistemində imtahan yönümlülüyünün güclü olması da bu prosesə ciddi təsir edir. Bir çox valideyn övladını artıq 6-cı və ya 7-ci sinifdən repetitor yanına göndərir".

Müsahibimizin fikrincə, repititorlara ehtiyacdakı əsas səbəb isə gələcək imtahanlarla bağlı narahatlıq və ehtiyat hissidir.

"Valideyn düşünür ki, əgər repetitor müəllim bir və ya iki il ərzində şagirdi yüksək nəticə əldə edəcək səviyyəyə çatdıra bilirsə, o zaman hazırlığa daha erkən başlamaq uşağın qəbul şansını artıracaq. Məhz bu düşüncələrin cəmi repetitor anlayışını cəmiyyətdə daha da populyarlaşdırır və məktəbdənkənar hazırlığı təhsil sisteminin ayrılmaz hissəsinə çevirir", - deyə R.Nurəliyev bildirdi.

Xədicə BAXIŞLI

Chosen
19
1
redaktor.az

2Sources