Nasist Almaniyasının paytaxtı 2 may 1945-ci ildə qırmızı ordunun əlinə keçib. Həmin gün Berlin müdafiəsinin komandiri, artilleriya generalı Helmut Vaydlinq təslim olub. Almaniyanın təslim olmasından əvvəl, 6 may 1945-ci ildə o, I Belarus cəbhəsi qərargahının kəşfiyyat idarəsinə ifadə verib, orada Adolf Hitlerə son səfəri və mühasirədəki Berlin haqqında danışıb.
Vaydlinq əvvəllər yalnız bir dəfə - 13 aprel 1944-cü ildə füreri görməyə gedib. O zaman ona “Cəngavər Xaçı”na palıd yarpaqları hədiyyə edilib. Vaydlinq Hitlerin son görüşlərindən bəri necə dəyişdiyini qeyd edib:

“O, diri bir cəsəd idi. Xəritələrlə örtülmüş masanın arxasındakı stulda əyilmiş vəziyyətdə oturmuşdu. Əlləri daim titrəyirdi. Sakit, güclə eşidilən bir səslə mənə Berlinin geri alınması üçün əməliyyat planını izah edirdi: General Venkin komandanlığı altında olan 12-ci ordu cənub-qərbdən irəliləyəcək, tezliklə Berlinlə birləşəcəkdi. 9-cu ordu (general Busse komandanlığı altında - red.) Oderdən geri çəkilir və şimal-qərbə doğru irəliləyirdi. Hər iki ordunun əməkdaşlığı nəticəsində Rusiya qüvvələri Berlinin cənubunda məhv edilməli idi. Fürstenberqin cənubundakı ərazidən Berlinin şimalına doğru Ştayner qrupu və Nauen ərazisindən Spandau istiqamətində VII Panzer diviziyası tərəfindən şimaldan eyni vaxtda hücum yolu ilə Rusiya qüvvələri Berlinin şimal hissəsində sıxışdırılmalı idi ki, sonradan 9-cu və 12-ci ordular azad edildikdən sonra bu qüvvələr məğlub edilə bilsin”.
Növbəti gün, 24 apreldə,fürer general Vaydlinqi Berlinin müdafiəsinə komandan təyin edib. Daha sonra ifadəsində Vaydlinq qeyd edib:
“Ayın 26-da günün birinci yarısında fürerin döyüş planına uyğun olaraq planlaşdırdığı 12-ci ordunun hücumu uğursuz olduqda və müdafiə döyüşləri aparmaq məcburiyyətində qaldıqda, döyüş planının düşmənin əsaslı qiymətləndirilməsi olmadan və öz qüvvələrimiz nəzərə alınmadan tərtib edildiyinə getdikcə daha çox əmin olmağa başladım. Bunu nəzərə alaraq, Berlinin müdafiəsi, hərbi baxımdan, uğursuzluğa məhkum bir iş idi. Berlinin müdafiəsi getdikcə ümidsizləşiirdi. Əsgərlərin əzmkarlığına baxmayaraq, rus mühasirəsi getdikcə daha da gərginləşirdi. Berlini xilas etməli olan ordular özləri ağır müdafiə döyüşlərində iştirak edirdilər və ya 9-cu ordu kimi mühasirəyə alınmışdılar. Sursat çatışmazlığı səbəbindən atəş gücümüz tədricən zəifləmişdi. Aerodromlar artıq əlimizdə olmadığı üçün hava təchizatı dayandırılmışdı. Yaralılar və mülki əhali böyük çətinliklərlə üzləşirdi. Elektrik enerjisi, su yox idi və minlərlə yaralı təchizatsız qalmışdı. Bütün bu müharibə boyunca heç bir cəbhədə bunlara bənzər fəlakətlər görməmişdim”.

Vaydlinqin ifadəsində fürerin intiharını nə vaxt və hansı şəraitdə öyrəndiyini təsvir edən bir hissə də mövcuddur:
“30 aprel saat 17:00-da Bendlerblok komanda məntəqəsində yenidən reyx kanslerliyinə tabe olmaq əmri aldım. Reyx kanslerliyində məni fürerin otağına dəvət ediblər. Göbbels, reyxsleyter Borman və general Krebs orada idilər. Sonuncu mənə aşağıdakıları dedi:
1. Bu gün günortadan sonra (saat 15:00 radələrində) furer intihar etdi.
2. Onun cəsədi reyx kanslerliyinin bağçasında, mərmi kraterlərindən birində yandırıldı.
3. Əlavə təlimatlar verilənə qədər fürerin ölümü ilə bağlı susmağa borcluyuq.
4. Fürerin intiharı və vəsiyyətnaməsində qurulan hökumət (reyx prezidenti – admiral Denis, reyx kansleri – Göbbels və s.) haqqında məlumatlandırılan yeganə şəxs marşal Stalin olub”.

İfadəsinin son hissəsində Vaydlinq nasist Almaniyasının məğlubiyyətinə səbəb olan hadisələri təhlil edib: “Məncə, Almaniyanın hərbi və siyasi fəlakətini, digər amillərlə yanaşı, aşağıdakı amillərlə izah etmək olar:
1. 1941-42-ci illərin qışından sonra generallarına inamsızlıq səbəbindən fürer bütün əməliyyatlara özü rəhbərlik edib. Nəticədə, o, bu vəzifənin öhdəsindən gələ bilməyib və müəyyən müharibə teatrlarında baş verən hadisələrin qarşısını ala bilməyib. Bundan əlavə, o, adətən rəqiblərini qiymətləndirməyib.
2. Vahid ali rəhbərliyin olmaması səbəbindən millətin qüvvələri dağınıq olub.
3. Hava qüvvələrimiz müdafiəyə məcbur edildikdən sonra artıq Almaniya hərbi sənayesini məhv olmaqdan qorumaq mümkün olmayıb və quru döyüşlərindəki qoşunlar dəstəkdən məhrum olublar.
4. Əsas sənaye sahələrinin itirilməsindən sonra qeyri-bərabər döyüş qətiyyətlə bizə qarşı çevrilib.
5. Almaniyanın xarici siyasətində proaktivliyin və kifayət qədər uzaqgörənliyin olmaması”.
27 fevral 1952-ci ildə Moskvada hərbi tribunal general Q. Vaydlinqi müharibə cinayətlərinə görə 25 il həbs cəzasına məhkum edib. O, 17 noyabr 1955-ci ildə Vladimir həbsxanasında vəfat edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün