Dünya sürətlə urbanizasiyanın yeni mərhələsinə qədəm qoyur. “İnsan yönümlü ağıllı şəhərlər” artıq sadəcə texnoloji layihə yox, dövlətlərin strateji inkişaf xəttinə çevrilib. Sensorlarla təchiz olunmuş küçələr, real vaxtlı nəqliyyat idarəetməsi, yaşıl enerji mənbələrinin praqmatik istifadəsi, ekoloji monitorinq sistemləri, rəqəmsal xidmətlər—bütün bunlar daha rahat, təhlükəsiz və inklüziv həyat vəd edir. Lakin bu “parlaq ideya”ların arxasında çox vaxt diqqətdən kənarda qalan yeni sosial, demoqrafik və idarəetmə çağırışları gizlənir…
Müasir paradoks: Problemləri həll etdikcə yeni problemlər yaranır
Ağıllı şəhərlərin əsas məqsədi şəhər sakinlərinin rifahını yüksəltməkdir. Amma bu rifahın artması eyni zamanda regionlardan şəhərlərə yeni miqrasiya dalğalarını stimullaşdıra bilər. İnsanlar daha yaxşı xidmətlər, daha yüksək maaşlı işlər və daha əlçatan kommunal infrastruktur naminə şəhərə üz tutur. Beləliklə, bir tərəfdən mövcud problemləri ağıllı texnologiyalarla həll etməyə çalışırıqsa, digər tərəfdən həmin texnologiyalar özləri əlavə yük yarada bilər.
Bəs çıxış yolu nədir?
Regionların “ağıllı şəhər kölgəsində” qalmasının qarşısı necə alınsın?
Ekspertlərin fikrincə, miqrasiyanın qarşısını almağın ən effektiv yolu onu məhdudlaşdırmaq deyil – regionları da “smart” etməkdir. Başqa sözlə, ağıllı şəhər yanaşması yalnız paytaxtlara deyil, rayon və kəndlərə də tətbiq olunmalıdır. Aşağıdakı əsas addımları atmaq şərtilə:
1. Ağıllı region konsepsiyası:
Kənd təsərrüfatında ağıllı suvarma, torpaq sensorları, dron monitorinqi, yerli icra hakimiyyətləri üçün rəqəmsal platformalar insanların öz yaşayış yerində də yüksək xidmətlərlə təmin olunmasını mümkün edir.
2. Regional iqtisadi zonalar:
Kənd və rayonlarda rəqəmsal sənaye parkları, innovasiya mərkəzləri və distant iş şəraiti miqrasiya axınını zəiflədir.
3. İnfrastrukturun ədalətli bölgüsü:
Nəqliyyat əlaqələrinin gücləndirilməsi, səhiyyə və təhsil xidmətlərinin eyni standartda olması “şəhər daha yaxşıdır” düşüncəsini zəiflədir.
4. Ağıllı kənd layihələri:
Bir çox ölkə ağıllı kənd modeli ilə miqrasiyanı əksinə, geri – kəndlərə doğru təşviq edir. Bu, əhali yükünü balanslaşdırmağın ən müasir yoludur. Misal olaraq, Zəngilandakı Ağalı kəndi kimi.
Ağıllı şəhərlərin kölgədə qalan problemləri və riskləri
Ağıllı şəhərlər yeni imkanlarla yanaşı, bir sıra risklər də yaradır. Bu riskləri vaxtında önləmək strateji əhəmiyyət daşıyır.
Əsas diqqətçəkən məsələ sosial bərabərsizlik riskidir. Ağıllı texnologiyalar çox vaxt yüksək investisiya tələb edir. Bunun nəticəsində şəhər daxilində sosial təbəqələr arasında “rəqəmsal uçurum” yarana bilər. Yəni texnologiyanın gətirdiyi rahatlıq hər kəsə bərabər çatmaya bilər.
Məxfilik və təhlükəsizlik də bu mənada mühüm təhlükə mənbəyidir. Minlərlə kamera, sensor, real vaxt məlumat toplanması – bütün bunlar şəhəri ağıllı etsə də, vətəndaşların şəxsi məlumat təhlükəsizliyini təhdid edə bilər. Təəssüf ki, kiberhücumlar artıq yalnız kompüterləri deyil, bütün şəhəri iflic edə biləcək səviyyəyə yüksəlib.
Sonrakı məsələ yüksək maliyyət və dayanıqlılıq problemidir. Ağıllı şəhər infrastrukturunu qurmaq qədər onu davamlı olaraq yeniləmək də böyük xərc tələb edir. Bəzi ölkələrdə layihələrin illərlə yarımçıq qalması da məhz bu səbəbdəndir.
Bütün bunlardan sonra texnologiyadan asılılıq problemi göz önünə gəlir. Belə ki, bütövlükdə idarəetmə rəqəmsallaşdıqca şəhər texniki nasazlıq və ya enerji kəsintisi kimi risklər qarşısında daha həssas olur. Texnologiyanın çökdüyü anda bütün sistem dayanır.
Daha böyük bir risk isə insan faktorunun zəifləməsidir. Avtomatlaşdırılmış xidmətlərin artması bəzən insan təmasını zəiflədir. Bu isə ictimai münasibətlərdə soyuqluq, “robotlaşma” effekti yarada bilər.
Beləliklə, fikir və yanaşmaları ümumiləşdirsək, Ağıllı şəhər təkcə şəhər deyil — ağıllı ölkənin modelidir. Ağıllı şəhərlər gələcəyin qaçılmaz reallığıdır. Lakin bu reallıq yalnız o zaman müsbət nəticə verəcək ki, şəhərlə yanaşı ağıllı kəndlər, ağıllı regionlar da formalaşsın. Urbanizasiya dalğası qarşısında dayanıqlı inkişafın yeganə yolu balanslı yanaşmadır.
Çünki ağıllı şəhər ideyası əslində bir şəhər layihəsi deyil — bütöv bir ölkənin idarəetmə fəlsəfəsidir. Bu fəlsəfə yalnız texnologiya deyil, həm də sosial ədalət, bərabər imkanlar və düzgün planlaşdırma tələb edir.
Elnur Ağayev,
KONKRET.az