EN

Qazax qardaşlar göydə taksiylə uçmağa hazırlaşırlar

Qazaxıstanın baş naziri Oljas Bektenov ölkədə hava taksilərinin və digər hava nəqliyyat vasitələrinin istifadəyə verilməsi üçün qanunvericilik bazasının hazırlanması barədə göstrəriş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Avropada EASA və ABŞ-da FAA kimi qlobal tənzimləyicilər artıq kommersiya hava taksilərinin sertifikatlaşdırılması üçün qaydalar hazırlayıblar. Biz həmçinin hava taksilərinin, dronların və digər yeni növ hava nəqliyyat vasitələrinin istifadəyə verilməsinə hazır olmalıyıq", - Bektenov bildirib.

Nəqliyyat Nazirliyinə 2026-cı ilin iyun ayının sonuna qədər şəhər hava hərəkətliliyi (UAM) ilə bağlı qanunvericilik düzəlişlərini qəbul etmək tapşırılıb.

18 may tarixində Alatau şəhərində pilotsuz hava taksisinin sınaq uçuşu baş tutub. Nəqliyyat Nazirliyinin məlumatına görə, sınaqdan keçirilən təyyarə Çin istehsalçısı “AutoFlight” şirkətinə məxsus olub.

2026-cı ilin mart ayında Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev ölkənin yaxın iki-üç il ərzində uçan taksi istehsal etməyi planlaşdırdığını açıqlayıb. Baş nazirin müavini Qazaxıstanın artıq hava taksiləri üçün 15 illik gözləmə siyahısına malik ABŞ şirkəti “Joby Aero” və Çin şirkəti “AutoFlight” ilə bir sıra sənədlər imzaladığını açıqlayıb.

2025-ci ilin noyabr ayında Qazaxıstan “Joby Aero” ilə Alatau üçün 300 milyon dollar dəyərində pilotsuz hava taksiləri almaq barədə razılığa gəlib.

Alatau 2024-cü ildə bir neçə kəndin birləşdirilməsi sayəsində yaradılmış Almatı bölgəsində yeni bir şəhərdir.

Musavat.com

Chosen
30
musavat.com

1Sources