EN

ABŞ və İran arasındakı vasitəçi bu dövlətdir - detallar

ABŞ ilə İran arasında danışıqlar əvvəlkitək Pakistan vasitəsilə həyata keçirilir.

Bunu Musavat.com-a açıqlaması zamanı politoloq Elxan Şahinoğlu bildirib. Analitik ABŞ və İran rəsmilərinin İslamabaddakı birinci görüşünün nəticə vermədiyini vurğulayıb. Əlavə edib ki, Pakistan höküməti ikinci görüşü də İslamabadda təşkil etməyə çalışarkən, ABŞ və İran tərəfi bir araya gəlmədilər: “Buna baxmayaraq, ABŞ və İran Pakistan üzərindən yazışmaları davam etdirir, bir-birlərinə təkliflər göndərirlər. Ancaq bu təkliflər bir-birlərinə zidd olduğundan razılıq əldə etmək mümkün deyil”.

E.Şahinoğlu bölgədə cərəyan edən hadisələrdən bəhs edərkən deyib ki, bu arada, Pakistan müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində bir qırıcı eskadronu, 8 min hərbçi və hava hücumundan müdafiə sistemi yerləşdirib: “İslamabad krallığa Çin və Pakistanın birgə istehsalı olan təxminən 16 ədəd "JF-17 Thunder" qırıcısı, 2 pilotsuz uçuş aparatı (PUA) eskadronu, həmçinin Çin istehsalı olan "HQ-9" HHM sistemi göndərib. “Reuters” agentliyinin məlumatına görə, bütün hərbi texnikaya Pakistan hərbçiləri xidmət göstərir, əməliyyatın maliyyələşdirilməsini isə Ər-Riyad həyata keçirir. Agentliyin məlumatında bildirilib ki, qüvvələrin yerləşdirilməsi İran ətrafındakı münaqişə fonunda baş verir.

Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalamışdılar. Saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək məqsədi daşıyırdı. Müqavilənin əsas bəndi belədir: “İki ölkədən birinə qarşı hər hansı təcavüz hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndiriləcək”.

Buna baxmayaraq, İran ABŞ ilə müharibə zamanı Səudiyyə Ərəbistanına raket və dron zərbələri endirərəkən, Ər-Riyadın İslamabadla strateji müttəfiqliyini nəzərə almadı. Pakistan rəsmiləri İranın Səudiyyə Ərəbistanına raket və dron zərbələrini pisləyən açıqlamalar versələr də, İslamabad Ər-Riyadla imzalanan müqavilə gərəyi İrana qarşı hərbi həmlələr həyata keçirmədi. Bunun əsas səbəbi Səudiyyə Ərəbistanın özünün də İrana əks-zərbələr endirməməsiydi. Səudiyyə Ərəbistanı hücuma məruz qalan digər Körfəz ölkələri kimi ehtiyatlı mövqedən çıxış etdi. Səudiyyə Ərəbistanı krallığı sadəcə martin 18-də İranın hücumuna məruz qalan bölgə ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasını keçirdi. Tolantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak etmişdi. Rəmi Bakı digərləri kimi hesab edirdi ki, İranın təhdidlərinə qarşı kollektiv etiraz sərgilənməlidir. Ər-Riyaddakı toplantının məqsədi İrandakı rejimin qonşu ölkələrə zərbələrini dayandırmaq idi. Ancaq Tehran bu toplantıya əhəmiyyət vermədi və Körfəz ölkələrinə zərbələrini azaltmadı”. Politoloq qeyd etdi ki, ABŞ yenə İrana qarşı müharibəyə başlayarsa, İrandakı rejim yenidən Körfəz ölkələrinə zərbələr endirəcək və bu zaman Tehran Pakistanın Səudiyyə Ərəbistanı ilə ittifaqını yenə də nəzərə alınmayacaq: “Ona görə də İslamabad hər vəchlə bölgədə yenidən müharibənin qarşısını almağa çalışır ki, çətin seçim qarşısında qalmasın”.

E.Paşasoy,
Musavat.com

Chosen
39
musavat.com

1Sources