EN

ABŞ Senatı ilk dəfə İranla müharibənin dayandırılması barədə qətnaməni dəstəkləyib

BAKI, 20 may. TELEQRAF

ABŞ Konqresinin Senatı prosedur səsverməsi zamanı ilk dəfə Vaşinqton administrasiyasını İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni dəstəkləyib.

Teleqraf xəbər verir ki, "C-SPAN"nın yaydığı məlumata görə, sənədin lehinə 50 senator, əleyhinə isə 47 senator səs verib.

Qətnaməni Demokratlar Partiyasının əksər nümayəndələri ilə yanaşı, Respublikaçılar Partiyasından Rend Pol, Liza Murkovski, Syuzan Kollinz və Bill Kessidi dəstəkləyiblər.

Sənədə qarşı çıxmayan yeganə demokrat senator isə Con Fetterman olub.

Məlumata görə, Senat daha əvvəl keçirilmiş oxşar yeddi səsvermədə bu qətnaməni rədd etmişdi.

"The Hill" yazır ki, sənəd Senatda yekun səsvermədən keçsə və daha sonra Nümayəndələr Palatası tərəfindən də təsdiqlənsə belə, ABŞ Prezidenti Donald Tramp onun üzərinə veto qoya bilər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də Tramp iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 günlük müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton nümayəndələri İslamabadda danışıqlar aparsalar da, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı razılıq əldə edə bilməyiblər.

Mayın 1-də Ağ Ev Konqres rəhbərliyinə İranla müharibənin başa çatdığını rəsmi şəkildə bildirsə də, məlumatda qeyd olunur ki, bu addım əsasən ABŞ qanunvericiliyinin xaricdə hərbi əməliyyatlarla bağlı tələblərinə əməl etmək məqsədi daşıyıb.

Chosen
113
5
teleqraf.com

6Sources