Bakı, 20 may, AZƏRTAC
Azərbaycanda şəhərsalma və memarlıq sənətinin bariz nümunələri ilə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun yüksəksəviyyəli inkişafı ilə yanaşı, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirən dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrimiz Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir. Ölkəmizin çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu sərəncamın Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ərəfəsində imzalanması xüsusi əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi Bakının növbəti dəfə nüfuzlu bir tədbirə ev sahibliyi etdiyini diqqətə çatdıraraq deyib ki, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış nümayəndənin iştirak etdiyi bu sessiya ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin Azərbaycana həvalə edilməsi heç də təsadüfi deyil. Çünki rəsmi Bakı, eləcə də işğaldan azad edilmiş ərazilərimiz artıq nüfuzlu beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu dəfələrlə təsdiqləyib. Belə mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bir də ona görə əhəmiyyətlidir ki, ilk dəfə Azərbaycana səfər edən qonaqların əksər hissəsi respublikamızı və şəhərlərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində görülən işləri öz gözləri ilə görmək imkanını qazanırlar.
Komitə sədri Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışına münasibət bildirərək deyib ki, dövlətimizin başçısı bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin ölkəmizə həvalə edildiyinə görə təşəkkürümü bildirib: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.
Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.
Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”.
Tanınmış hüquqşünas dövlətimizin başçısının çıxışına istinadən vurğulayıb ki, Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə qürur hissi keçirir. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Qeyd edilib ki, Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib. VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb.
Ç.Qənizadə hazırda hökumətimizin qarşısında duran əsas vəzifələrdən birinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dövlətimizin başçısı bu barədə qonaqlara Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər və qarşıya qoyulmuş vəzifələr barəsində geniş məlumat verib. Diqqətə çatdırıb ki, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır.
Hüquq müdafiəçisi deyib ki, bu gün Azərbaycanın bir çox yerlərində, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə şəhərsalma çox sürətlə inkişaf edir. Belə mühüm əhəmiyyətli toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları və bir-birimizdən müsbət təcrübə əldə etmək baxımından çox əhəmiyyətlidir.