EN

Bakı Tbilisi sərnişin qatarının fəaliyyəti region üçün mühüm mesajdır İşçi qrupunun sədri

ain.az bildirir, Modern.az portalına istinadən.

Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı yeni məlumat rəsmi təsdiqini tapdı. Artıq vaxt da məlumdur. Mayın 26-da Bakıdan Tbilisiyə ilk qatar yoal düşəcək.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri,  Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev Modern.az-a bildirib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpası ilə bağlı Azərbaycan və Gürcüstan tərəfi arasında prinsipial razılıq əldə olunub: “Hazırda texniki və təşkilati məsələlər müzakirə edilir və reyslərin yaxın vaxtlarda yenidən fəaliyyətə başlaması gözlənilir. Məlumdur ki, marşrutun fəaliyyəti COVID-19 pandemiyası dövründə dayandırılmışdı. Son illər ərzində yenidən açılması ilə bağlı müxtəlif səviyyələrdə danışıqlar aparılır, texniki məsələlər həll olunurdu”.

İşçi qrupunun rəhbəri qeyd edib ki, sərhəd, gömrük və digər prosedurlar əsas müzakirə mövzularından biri olub: “Sərnişin daşımalarının bərpası üçün siyasi və texniki bazanın hazır olduğunu göstərmək çox mühüm siqnaldır. Məsələ ən yüksək səviyyədə müzakirə olunub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze fevral ayında bildirmişdi ki, Bakı-Tbilisi sərnişin qatarının bərpası mövzusu Cənab Prezident İlham Əliyevlə müzakirə edilib və Azərbaycan tərəfi buna dəstək göstərib”.

Onun sözlərinə görə, son həftələrdə Prezident İlham Əliyev və İrakli Kobaxidze arasında həm Tbilisidə, həm də Bakıda keçirilən görüşlərdə nəqliyyat və dəmiryolu əməkdaşlığı yenidən gündəmə gəlib: “Xüsusilə Bakı-Tbilisi-Qars xətti üzrə sənədlərin imzalanması bu istiqamətdə aktiv koordinasiyalı işin aparıldığı barədə məluamtlar yayılırdı. Ona görə də praktiki qərarın verildiyini, yalnız rəsmi elan və texniki startın qaldığını düşünürəm. Hesab edirəm ki, mayın 26-da bu yol açılacaq”.

Arzu Nağıyev diqqətə çatdırıb ki, tarix seçimi də simvolik məna daşıya bilər: “Mayın sonu hər iki dövlətin müstəqillik günləri ilə bağlıdır. Düşünürəm ki, qatarın fƏaliyyəti məhz həmin günlərə təsadüf edə bilər. Gürcü və Azərbaycan mediasında ilk reysin 26 maydan başlaya biləcəyi qeyd olunur. Bununla yanaşı, Azərbaycan Dəmir Yolları tərəfindən verilən açıqlamada da hazırlıq işlərinin getdiyi bildirilir”.

Deputat bildirib ki, əvvəlki illərdə qatarın hərəkət qrafiki axşam saatlarında Bakıdan çıxış və səhər saatlarında Tbilisiyə çatış şəklində olub:  “Yol müddəti təxminən 12 saat təşkil edirdi. Yəqin ki, yaxın günlərdə Azərbaycan Dəmir Yollarının bilet satış platformasında bu məlumatlar görünəcək. Ola bilər ki, ilkin mərhələdə test reysləri həyata keçirilsin, daha sonra isə reyslərin sayı artırılsın. Bu gün həm sərhəd xidmətləri, həm gömrük, həm də digər aidiyyəti qurumlar hazır vəziyyətdə olmalıdır”.

Arzu Nağıyev sonda qeyd edib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması region üçün mühüm mesajdır: “Bu, iki dövlət arasında anlaşmanın göstəricisidir. Eyni zamanda, Orta Dəhlizin daha geniş işlənməsi üçün atılan addımlar regiona yalnız sülh və əməkdaşlıq gətirir. Bu proses gələcəkdə də sülhün bərqərar olması istiqamətində mühüm rol oynayacaq. Həm iqtisadi, həm siyasi, həm də mədəni və mənəvi baxımdan bunun müsbət təsirləri olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
modern.az

1Sources