EN

Bakı Tbilisi nəqliyyatlogistika əməkdaşlığı

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

BTQ-nin yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyona çatdırılıb

Xəbər verildiyi kimi, mayın 18-də Bakıda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Bu sənədlə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.

Mərasim BTQ xəttinin effektiv idarəçiliyinin təmin edilməsi məqsədilə ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə başlaması ilə əlamətdar olub.

BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir. Layihə çərçivəsində 30,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 kilometr uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Görülən işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Modernləşdirmənin məqsədi BTQ-ni Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabətqabiliyyətini artırmaqdır. Bu modernləşmə BTQ-ni Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksional edir.

ADY layihənin Azərbaycan tərəfində – Bakı–Böyük Kəsik sahəsində də əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub.

Artıq BTQ sadəcə Bakı, Tbilisi və Qarsı birləşdirən dəmir yolu deyil, modernləşdirilmiş xətt Orta Dəhlizin yükdaşıma qabiliyyətini artıracaq, Şərq–Qərb ticarət axınlarını sürətləndirəcək, Azərbaycanı regional tranzit qovşağı kimi gücləndirərək Avrasiya logistika sistemində yeni balans yaradacaq.

***

Azərbaycan və Gürcüstan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq regionun iqtisadi və geosiyasi mənzərəsini formalaşdıran əsas istiqamətlərdən biridir. Hər iki ölkə Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında mühüm tranzit körpüsü rolunu oynayaraq Avrasiya məkanında strateji nəqliyyat qovşağı kimi çıxış edir.

Son illər Bakı və Tbilisi arasında bu sahədə əməkdaşlığın daha da dərinləşməsi regionda yükdaşımaların həcminin artmasına, ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin yüksəlməsinə mühüm töhfə verib. Xüsusilə BTQ dəmir yolu xətti iki ölkə arasında strateji tərəfdaşlığın ən uğurlu nümunələrindən biridir. Bu marşrut Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas komponentlərindən biri olmaqla yükdaşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır.

Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Poti Dəniz Limanları arasında əməkdaşlıq Xəzər və Qara dəniz hövzələri arasında yük axınının güclənməsinə şərait yaradır. Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ilə Gürcüstanın liman infrastrukturu arasında formalaşan əlaqələr regionun logistika imkanlarını genişləndirərək beynəlxalq investorların diqqətini cəlb edir.

Rəsmi Bakı və Tbilisinin nəqliyyat-logistika sahəsində tərəfdaşlığı yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, regional inteqrasiyanın dərinləşməsinə və yeni ticarət marşrutlarının inkişafına xidmət edir. Mövcud geosiyasi çağırışlar fonunda iki ölkənin koordinasiyalı fəaliyyəti regionun qlobal təchizat zəncirində rolunu daha da gücləndirir.

Sonda qeyd edək ki, yaxın illərdə Orta Dəhliz üzrə yükdaşımaların artması Azərbaycan və Gürcüstanın logistika sahəsində əməkdaşlığını yeni mərhələyə çıxara bilər. Bu isə hər iki ölkənin tranzit gəlirlərinin artmasına, infrastruktur layihələrinin genişlənməsinə və regionun beynəlxalq ticarətdə strateji mövqeyinin möhkəmlənməsinə səbəb olacaq.

Aslan ƏSƏDOV,nəqliyyat eksperti

Nəqliyyat sahəsi ilə bağlı qeyd etmək olar ki, dəmir yolu ilə yükdaşımaların ümumi həcmi digər nəqliyyat növləri, xüsusilə avtomobil daşımaları ilə müqayisədə daha böyükdür. Eyni zamanda, dəmir yolu daşımaları iri həcmli yüklərin daşınmasında daha çevik və iqtisadi baxımdan daha sərfəli hesab olunur. Bunun əsas səbəbi dövlətlərarası daşımalar zamanı formalaşan tarif siyasətinin həm istehlakçıların, həm ixracatçıların, həm də idxalçıların maraqlarını balanslı şəkildə qorumasıdır.

Digər mühüm məqam Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu sistemlərinin qarşılıqlı inteqrasiyasıdır. Bildiyimiz kimi, Azərbaycan və Gürcüstanın dəmir yolu infrastrukturu əsasən sovet dövründə formalaşıb və müəyyən texniki standartlara əsaslanır. Türkiyənin dəmir yolu sistemi ilə inteqrasiya isə bu nəqliyyat xəttinin beynəlxalq daşımalar baxımından daha funksional və səmərəli olmasına şərait yaradır.

Bu gün Azərbaycan dəmir yolları beynəlxalq nəqliyyat sisteminin mühüm hissəsinə çevrilib. Yüklərin müxtəlif istiqamətlər üzrə daşınması, ölkələrarası logistika əlaqələrinin gücləndirilməsi və vahid nəqliyyat şəbəkəsinin formalaşdırılması baxımından bu marşrutun rolu olduqca böyükdür. Xüsusilə regional inteqrasiyanın dərinləşdirilməsi və tranzit imkanlarının artırılması baxımından bu layihə mühüm əhəmiyyət daşıyır.

Sərnişin daşımaları baxımından da bu əməkdaşlığın xüsusi əhəmiyyəti var. Bakı–Tbilisi–Qars xətti üzrə sərnişin qatarlarının fəaliyyətinin bərpası insanlar arasında gediş-gəlişi asanlaşdırmaqla yanaşı, turizmin inkişafına, iqtisadi aktivliyin artmasına və nəqliyyat bazarında rəqabətin güclənməsinə də müsbət təsir göstərəcək. Bu, həm də alternativ nəqliyyat vasitələrinin inkişafına və xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.

Ümumilikdə, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm strateji yer tutur. Bu marşrut Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək ölkənin regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir və uzunmüddətli perspektivdə dayanıqlı logistika bazarının formalaşmasına xidmət edir.

Musa BAĞIRLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
22
xalqqazeti.az

10Sources