Hazırda Bakının gül dükanlarında ən çox satılan çiçəklərdən olan Yasəmən həm gözəlliyinə, həm də münasib qiymətinə görə alıcıları məmnun edir. Gözoxşayan rəngi, xoş rahiyəsi küçələri çalarlandırmaqla yanaşı evlərdə də müasir dövrün interyer dəbi olan provans stili yaradır. Amma bu gözəl Yasəmənin “qaranlıq” tərəfləri də var ki, çoxları bundan xəbərsizdir.
Yasəmənin güclü ətrində zəhərli komponentlər varmış.
Yəqin bu çiçəyin basqın qoxusu olan parfümlərdən istifadə edən xanımlar da təsdiqləyər: tez-tez baş ağrılarından əziyyət çəkirlər. Bəlkə də səbəblərini bilmirlər, amma təzyiqlərini qaldıran, miqreni tətikləyən məhz Yasəmən qoxusundakı toksik komponentlərdir.
Elə orijinal şəkildə, yəni dəstə halında evdə saxlamaq, xüsusilə də yataq otağına qoymaq yuxusuzluğa, ürək bulantısına, hətta ürək ritminin pozulmasına səbəb ola bilər.
Yasəmənin çiçəkləri ilə yanaşı yarpaqlarında da qlikozid var.
Uzun müddət qapalı məkanda nəfəs alındıqda və ya təsadüfən (xüsusilə uşaqlar və ev heyvanları tərəfindən) daxilə qəbul edildikdə, ürəkbulanma, qusma, bağırsaq pozğunluğu və nadir hallarda görmə problemlərinə səbəb ola bilər. Çiçəklərini qoxusu isə tez-tez damar spazmları, aritmiya yaradır.
Yasəmən kolunu ev bitkisi kimi yetişdirmək demək olar ki, mümkün deyil. Tam çiçəkləmə üçün kolun açıq havada qış yuxu dövrü və təbii temperatur dalğalanmaları tələb olunur.
Yasəmənlə bağlı xalq inancları da var: mənfi enerji və ya bəxtsizlik gətirən bir çiçək hesab edilir.
Azərbaycan xürafatçıları isə çiçəyin adında bədii-mistik çalarlar tapıblar. “Yasəmən – Ya sən, ya mən”... Yəni həyət evində, bağçada bu ağacı əkəndə ya kol qalır, ya o evin yiyəsi, ikisindən biri o evi, hətta bu dünyanı tərk etməli olur...
Şəfiqə Şəfa, Bizim.Media