EN

Mingəçevirdə beynəlxalq elmi konfrans

Mingəçevir Dövlət Universiteti və Türkiyənin “Dokuz Eylül” Universitetinin birgə təşkilatçılığı ilə “Dil, təhsil, tədqiqat və dayanıqlılıq sahəsində müasir problemlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil edilən məclisdə Milli Məclisin deputatları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP-ın şəhər təşkilatının, Bələdiyyənin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, eləcə də 23 ölkəni təmsil edən ali təhsil və tədqiqat institutlarının nümayəndələri, ziyalılar, dilçi alimlər, müəllimlər və tələbələr iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra “Dil sərhəd tanımır” adlı kitab sərgisinə baxış keçirilib. Sərgidə MDU-nun alimlərinin, ölkənin müxtəlif elmi mərkəzlərinin və nəşriyyatların dilçilik sahəsində çap olunmuş elmi əsərləri, monoqrafiyalar və tədris vəsaitləri nümayiş olunub.

MDU-nun rektoru Anar Eminov çıxış edərək dil, təhsil və tədqiqat sahələrinin qarşılıqlı əlaqəsinin müasir dövrdə bilikli cəmiyyətin formalaşmasında əsas dayaqlardan biri olduğunu vurğulayıb. O, konfransın beynəlxalq miqyasını xüsusi xatırladaraq, 23 ölkədən 77 ali təhsil və tədqiqat institutunu təmsil edən alimlər tərəfindən 545-dən çox məqalə və tezis təqdim olunmasını elmi əməkdaşlığın genişlənməsi, bilik mübadiləsinin gücləndirilməsi və yeni akademik platformaların formalaşması baxımından yüksək qiymətləndirib.

Rektor konfransın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmasının rəmzi və elmi baxımdan böyük əhəmiyyət daşıdığını da qeyd edərək bildirib ki, elmi məclisin ilk paneli Azərbaycan dilçilik elminə böyük töhfələr verən professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr edilib.

Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mədəni identikliyin və tarixi varisliyin əsas daşıyıcısı olduğunu vurğulayıb. O bildirib ki, dilçilik elmi bu gün yalnız nəzəri çərçivələrlə məhdudlaşmır, eyni zamanda təhsil siyasəti, sosial kommunikasiya, rəqəmsal texnologiyalar və multikultural mühit kontekstində yeni tədqiqat istiqamətləri formalaşdırır.

Bildirilib ki, belə beynəlxalq platformalar müxtəlif elmi məktəblər arasında dialoqun qurulmasına, ortaq terminoloji və metodoloji yanaşmaların formalaşdırılmasına və xüsusilə gənc tədqiqatçıların elmi mühitə inteqrasiyasına mühüm töhfə verir. Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması isə yalnız tarixi hadisə deyil, həm də müasir türkoloji tədqiqatların inkişafına yeni baxışdır.

Konfransın davamında MDU-nun rektoru Anar Eminova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomu və “Şərəf ordeni” təqdim olunub.

Elmi məclis Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Milli Məclisin deputatı Elnarə Akimova, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova və “Dokuz Eylül” Universitetindən Murat Atanın çıxışları ilə davam etdirilib.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Chosen
2
4
xalqqazeti.az

10Sources