EN

Belarus Milli Assambleyasının Palata sədri Milli Məclisdə

Milli Məclisin Sədri Sahibə Qafarova mayın 19-da ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra tərəflər arasında təkbətək görüş keçirilib.

Daha sonra ulu öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. İqor Sergeyenko buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş olub. Sahibə Qafarova münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli əlaqələrin mühüm rolunu vurğulayıb. Ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini bildirib.

İqor Sergeyenko Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışında şəhərsalma sahəsində mühüm məsələlərə toxunduğunu diqqətə çatdırıb. Bu tədbirin mühüm əhəmiyyət daşıdığını və WUF13 çərçivəsində müasir dövrün ən aktual məsələlərindən olan urbanizasiya problemlərinin geniş müzakirə edildiyini deyib.

Milli Məclisin Sədri Sahibə Qafarova və Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Sahibə Qafarova İqor Sergeyenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində həm də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Belarusu təmsil etdiyini, ötən gün forumun açılış mərasimində iştirak etdiyini diqqətə çatdırıb

S.Qafarova qeyd edib ki, parlamentlərarası əlaqələrimiz də ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğundur. Mühüm platformalardan biri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin də əhəmiyyəti vurğulanıb.

İqor Sergeyenko isə çıxışı zamanı ölkəmizə səfəri və parlamentlərimiz arasında münasibətlərə dair müsbət fikirlərini bölüşüb.

 

Chosen
9
1
xalqqazeti.az

2Sources