Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov vəsatət verərək, məhkəmə istintaqının yenilənməsini xahiş edib.
Vəkil, yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki ekspertizanın keçirilməsi, həmçinin ekspertin dindirilməsi barədə vəsatətləri olacağını deyib.
Dövlət ittihamçısı Eldar Məmmədov isə vəsatətin təmin olunmamasını bildirib. Onun sözlərinə görə, məhkəmə istintaqı tamamlanıb, ittiham tərəfi çıxış edib və vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Mehriban Abbasquliyevanın digər vəkili Muxtar Mustafayev də vəsaitlərinin təmin olunmasını istəyib.
Təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını xahiş ediblər.