EN

Putin Pekində Çin lideri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.

Sitat.info  xəbər verir ki, Rusiya və Çin liderləri ilk olaraq məhdud formatda danışıqlar aparıblar.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Rusiya Prezidenti Çin liderini gələn il Rusiyaya səfərə dəvət edib.

Putin bildirib ki, əlverişsiz xarici amillərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq yaxşı temp nümayiş etdirir. Belə ki, Rusiya və Çin arasında ticarət dövriyyəsi son 25 ildə 30 dəfədən çox artıb.

Putin deyib ki, Rusiya-Çin münasibətləri artıq dəfələrlə sınaqdan keçib: “Moskva və Pekin arasındakı hərtərəfli tərəfdaşlıq yeni dövrdə dövlətlərarası münasibətlər üçün modelə çevrilib. Rusiya və Çin həm ikitərəfli, həm də beynəlxalq forumlarda əməkdaşlığı inkişaf etdirəcəklər”.

Si Cinpin isə çıxışında münasibətlərin sağlam və sabit inkişafını təşviq etməyin Rusiya və Çin liderlərinin strateji seçimi olduğunu deyib: “Çin və Rusiya iki ölkə arasında qarşılıqlı etimad təməlini daha da möhkəmləndirməli, əməkdaşlığı zənginləşdirməli və dostluğu genişləndirməlidirlər. Çin-Rusiya münasibətləri daha aktiv və sürətli inkişafın yeni mərhələsinə qədəm qoyub”.

Görüşün yekununda Vladimir Putin və Si Cinpin Rusiya-Çin münasibətlərinin dərinləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar.

Chosen
2
8
sitat.info

9Sources