EN

Anar Quliyev: Mənzilə çıxış imkanlarının genişləndirilməsi keyfiyyətli şəhərsalma məsələlərindən ayrı nəzərdən keçirilə bilməz

Mərkəzi və Qərbi Asiya getdikcə iqtisadi inkişafın, innovasiyanın, bağlantıların və regional əməkdaşlığın mühüm hərəkətverici qüvvəsinə çevrilir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə Milli Koordinator Anar Quliyev WUF13 çərçivəsində keçirilən “Şəhərlərin xüsusi forumu: İnklüziv və davamlı şəhər gələcəyi üçün mənzil həlləri” adlı sessiyada bildirib.

O qeyd edib ki, şəhərlər əlçatan mənzil, dayanıqlı infrastruktur, səmərəli ictimai xidmətlər və davamlı torpaq idarəçiliyi ilə bağlı artan tələblərlə üzləşir: “Region üzrə bir çox yaşayış binaları müasir enerji səmərəliliyi və seysmik standartlar tətbiq olunmazdan əvvəl inşa edilib. İqlimlə bağlı risklər güclənir, şəhər əhalisi isə artmaqda davam edir. Bu çağırışlar regionumuz üçün ortaq olduğu kimi, imkanlar da ortaqdır”.

Anar Quliyev bildirib ki, COP29 çərçivəsində SPECA Şəhərlər Forumunun yaradılması regionda daha güclü şəhər əməkdaşlığına dair ortaq baxışı nümayiş etdirdi: "SPECA Şəhərlər Forumu sadəcə institusional mexanizm deyil, həm də həmrəylik, tərəfdaşlıq və praktiki əməkdaşlıq platformasıdır. O, dayanıqlı şəhər gələcəyinin yalnız dialoq, təcrübə mübadiləsi və koordinasiyalı fəaliyyət vasitəsilə mümkün olduğu anlayışı üzərində qurulub. Bugünkü müzakirələr bütün şəhərlərimiz üçün olduqca aktual olan bir-biri ilə əlaqəli prioritetə həsr olunub: sürətli urbanizasiya şəraitində əlçatan mənzil məsələsi, mənzil sektorunda iqlim dayanıqlılığı və enerji səmərəliliyi, eləcə də mənzil idarəçiliyində “ağıllı şəhər” yanaşmaları. Bu məsələlər bir-biri ilə sıx bağlıdır. Mənzilə çıxış imkanlarının genişləndirilməsi iqlimə uyğunlaşma, enerji səmərəliliyi, şəhər mobilliyi, rəqəmsal idarəetmə və keyfiyyətli şəhərsalma məsələlərindən ayrı nəzərdən keçirilə bilməz”.

Chosen
63
3
apa.az

4Sources